“Bitki mühafizəsi: müasir çağırışlar, problemlər və həlli yolları” mövzusunda konfrans keçirilib
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə görkəmli alim, akademik Siddiqə Məmmədovanın anadan olmasının 100 illiyinə həsr olunmuş “Bitki mühafizəsi: müasir çağırışlar, problemlər və həlli yolları” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, kənd təsərrüfatı, biologiya və ekologiya sahəsində fəaliyyət göstərən alimlər, mütəxəssislər, elmi-tədqiqat institutlarının və ali təhsil müəssisələrinin əməkdaşları iştirak etmişlər.
Konfransı giriş sözü ilə professor İbrahim Cəfərov açaraq akademik Siddiqə Məmmədovanın Azərbaycan elminə verdiyi böyük töhfələrdən danışıb.
O, xüsusilə bitki mühafizəsi sahəsində apardığı elmi tədqiqatların bu gün də aktual olduğunu və bu sahədə çalışan alimlər üçün mühüm örnək təşkil etdiyini vurğulayıb.
AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev kənd təsərrüfatı sahəsində Azərbaycan elminin qarşısında duran əsas problemlərdən danışıb.
O, iqlim dəyişiklikləri, kənd təsərrüfatında yeni patogen və zərərvericilərin yayılması, eləcə də bioloji mübarizə vasitələrinin tətbiqindəki çətinlikləri müasir dövrün əsas məsələləri kimi qeyd edib.
Plenar iclasın sonunda institutun gənc tədqiqatçılarının birgə müəllifliyi ilə hazırlanmış “Dənli-taxıl və texniki bitkilərin zərərvericiləri” adlı kitabın təqdimatı keçirilib.
Konfrans plenar iclasdan sonra əvvəlcədən müəyyən edilmiş seksiyalar üzrə fəaliyyətini davam etdirilib.
Konfransda çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsi İdarə Heyətinin sədr müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova bitki xəstəlikləri, zərərvericiləri ilə mübarizə metodları və nəticələr barədə məlumat verib.
O, “Dendrologiya bağı”nda bitki mühafizəsinin müasir vəziyyəti, əldə olunan nailiyyətlər, aktual problemlər, inteqrə olunmuş və bioloji mübarizə üsulları, ekoloji məhsul istehsalı, bitki mühafizəsində biotexnologiyanın tətbiqi, bitki mühafizəsi sahəsində təcrübə mübadiləsi barədə fikirlərini bildirib.
Konfransın sonunda məruzə ilə çıxış edən tədqiqatçılara iştiraklarına görə sertifikatlar təqdim edilib.
Qeyd edək ki, konfrans bölmələr üzrə işini 12 iyun tarixində də davam etdirəcək.