“14 iyul 1969-cu il – Tərəqqi yolunun başlanğıcı”-Xəzər rayonunda dəyirmi masa keçirilib

Xəzər rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “14 iyul 1969-cu il – Tərəqqi yolunun başlanğıcı” adlı dəyirmi masa keçirilib.

Ulu öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlməsinin 56-cı ildönümünə həsr olunmuş tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Elşən Salahov, Milli Məclisin deputatları Aydın Hüseynov, Gülşən Paşayeva, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova, RİH başçısı aparatının şöbə müdirləri və əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edirdilər.

Tədbirdə Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Xəzər RİH başçısı Elşən Salahov bildirib ki, 1969-cu il 14 iyul tarixinin Azərbaycanın yeni tarixində müstəsna özəlliyi var.

“Məhz həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyub. Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub, respublika inkişaf tempinə görə keçmiş ittifaq miqyasında öncül sıralara çıxıb. Ulu Öndər siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli dəyərlərə bağlı olmuşdur”-deyə, o, bildirib.

Geniş məruzə ilə çıxış edən Milli Məclisin deputatları Aydın Hüseynov, Gülşən Paşayeva Ulu Öndər Heydər Əliyevi Azərbaycan tarixində fenomen şəxsiyyət kimi xarakterizə ediblər.

Qeyd olunub ki, Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan dövlətçiliyi böyük təhlükələrdən xilas oldu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı.

Daha sonra çıxış edən digər natiqlər – Namiq Əhmədov, Təvəkkül Səlimov və Həzərxan Əbilov Ulu Öndərin Azərbaycan xalqını qarşısında tarixi xidmətlərindən bəhs ediblər.

Bildirilib ki, ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Heydər Əliyev ideyalarına söykənir.

 

Şərhini yaz