“Dendrologiya bağı” PHŞ-nin bir qrup əməkdaşı Böyük Qafqaz dağlarının cənub yamacında yerləşən Şəki rayonunda elmi ezamiyyətdə olub
15 - 18 iyul 2025-ci il tarixlərində Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin (PHŞ) işçi qrupu Böyük Qafqaz dağlarının cənub yamacında yerləşən Şəki rayonunda 4 günlük elmi ezamiyyətdə olmuşdur.
Ezamiyyətin əsas məqsədi Şəki-Zaqatala bölgəsinin landşaftının, dağıdıcı proseslərin və səhralaşmanın tədqiqi, yerli flora ehtiyatlarının, meşə ərazilərində bitkilərin yayılma arealları, formasiya və assosiasiyalarının müəyyən edilməsi, təbii şəraitdə biomüxtəlifliyin populyasiya üzrə qiymətləndirilməsi, herbari və toxum nümunələrinin toplanması, təbii floranın nadir növlərinin populyasiyalarında baş verən proseslərin dendroxronoloji təhlilinin həyata keçirilməsindən ibarət olmuşdur.
“Dendrologiya bağı” PHŞ-nin mütəxəssis heyəti Şəki rayonunda yerləşən AMEA Şəki Regional Elmi Mərkəzində olmuş, ezamiyyət müddətində Dendrologiya bağı və Şəki Regional Elmi Mərkəzin əməkdaşları birgə elmi tədqiqatların aparılması barədə fikir mübadiləsi aparmışlar. Bölgənin landşaftının, yerli flora ehtiyatlarının öyrənilməsi və istifadə edilməsi, torpaqların məhsuldarlığının yüksəldilməsi və onların eroziyadan qorunması, meşə bitkilərinin inkişaf etdirilməsi kimi problemlərin elmi araşdırılması üzrə təhlillər aparılmış, ağac və kol bitkilərinin taksonomik tərkibinə iqlim dəyişkənliyinin təsiri araşdırılmış, informasiya toplanılmışdır.
Əməkdaşlar tərəfindən meşə ekosistemlərində müşahidələr, dendroxronoloji tədqiqatlar aparılmış, tədqiqat ərazisinin flora biomüxtəlifliyi o cümlədən, ağac və kolların növ tərkibi, bioekoloji xüsusiyyətləri, relyefi, yayılma arealları kompleks şəkildə öyrənilmiş, qeydlər aparılmış, fotoşəkilləri çəkilmişdir. Təbii və mədəni şəraitdə yayılan ağac və kol bitkilərinin müxtəlif inkişaf fazalarında toplanmış herbariləri laboratoriya şəraitində sistematik təhlil edilmişdir.
Ərazidə yaşlı nüsxələrdən – gövdə diametri 120 sm və 123 sm olan Carpinus betulus L. növündən nümunələr götürülmüşdür. Tədqiqatlar zamanı LINTAB6 avadanlığından istifadə edilməklə növlərin yaşı, iqlim amillərindən asılı olaraq inkişaf dinamikası müəyyənləşdirilmişdir. Tədqiqat ərazisinin dendroflorasının tədqiqi Engler və APG III-IV sistemləri əsasında təhlil edilmiş, herbari nümunələri toplanmışdır. Tədqiqat zamanı torpaq və bitki örtüyünün formasiyaları üzrə növ tərkibi, quruluşu müəyyən olunmuş, bitkilər araşdırılmışdır.
Tədqiqat ərazisi antropogen təzyiqə məruz qalmışdır. Ərazinin bitki və torpaq örtüyünün ekoloji problemləri torpaqların antropogen amillərin təsiri altında eroziyaya uğraması, çirklənməsi, son zamanlar isə yaşayış məntəqələrinin plansız şəkildə genişlənməsi və digər proseslərlə əlaqədardır. Tədqiqat ərazisində təbii bərpa qənaətbəxşdir. Tədqiqat zamanı torpaq və bitki örtüyünün formasiyaları üzrə növ tərkibi, quruluşu müəyyən olunmuşdur. Tədqiqatlar müvafiq qaydada aparılmış-hazırlıq, çöl və kameral işləri görülmüşdür. Ezamiyyət zamanı bitkilərin ümumi yayılma arealları, APG III-IV sistemləri üzrə qruplaşdırılmış, taksonomik tərkibi təhlil edilmişdir.
Meşələrdə palıd, fıstıq, vələs ağacları geniş sahə tutur. Bir qədər az miqdarda şabalıd, cökə, qoz, fındıq və ağcaqayın ağacları ilə yanaşı cır alma, armud, alça, zoğal, əzgil, yemişan və həmişəyaşıl ardıc kollarına da rast gəlinir.
Həmçinin, torpaq örtüyünün mineraloji tərkibinin araşdırılması məqsəsi ilə 0–30 sm dərinliklərdən torpaq və suvarma suyu nümunəsi götürülmüşdür. Götürülmüş nümunələr laboratoriya şəraitində analiz olunacaq, nəticələr əsasında torpağın və suyun kimyəvi tərkibi, üzvi maddələrinin miqdarı və digər aqrokimyəvi göstəriciləri təyin ediləcəkdir.
Rayon ərazisində yayılmış zərərli orqanizmlərin öyrənilməsi, onların bioekoloji xüsusiyyətlərinin, sirayətlənmə dərəcəsinin və təsərrüfat əhəmiyyətinin müəyyən olunması, eləcə də bu problemlərə qarşı perspektivli inteqrir mübarizə üsullarının (təyini və tətbiqi) tövsiyələrinin hazırlanması və fitosanitar monitorinqlərin təşkili məqsədilə müxtəlif növlər üzərində baxış keçirilmiş, xəstəlik və zərərvericilər baxımından ilkin vizual diaqnostika aparılmışdır.
Tədqiqat zamanı məlum olmuşdur ki, regionun bütün ərazisində ilkin meşə tipləri, həmçinin bitki örtüyünün yüksəklik qanunauyğun yayılması insan fəaliyyətinin təsiri nəticəsində bu və ya digər dərəcədə pozulmuşdur. Xüsusi qiymətli meşə massivində saqqız, ardıc meşəliklərində ağacların qanunsuz kəsilməsi və intensiv mal-qara otarılması nəticəsində kserofil, bəzən yarımsəhra bitki qrupları ilə əvəz olunur. Orta dağ-meşə qurşağında yüksək gövdəli məhsuldar fıstıq meşələri törəmə tipli vələs meşələrilə, bəzən titrəkyarpaq qovaqla, fındıq, böyürtkən kolluqlarilə, sıx ayıdöşəyiliklərilə əvəz olunmuşdur. Yuxarı meşə qurşağında uzunmüddətli intensiv maldarlığın təsiri nəticəsində meşə heç yerdə təbii sərhədində qalmamışdır. Dağlıq ərazidə meşə örtüyü müxtəlif meyllikli yamaclarda yerləşir. Şəki rayonunun meşə ərazisinin 40%-ə qədəri dikliyi 30°-dən artıq olan yamacları tutur. Lakin bu meşələrin çoxu bu və ya digər dərəcədə antropogen təsirlərə məruz qalaraq öz qoruyucu funksiyasını zəiflətmişdir.
XXI əsrin başlanğıcından etibarən ətraf mühitə, həm kosmiki və həm də antropogen təsir o dərəcədə güclənmişdir ki, Azərbaycanın Şəki-Zaqatala bölgəsində də ekosistemlərin ciddi surətdə deqradasiyası başlamışdır. Son onilliklər ərzində ekosistemlərdə landşaft komplekslərinin reqressiv təzahürlərinin meydana gəlməsi və "qlobal istiləşmə"nin və digər texnogen proseslərin yarada biləcəyi ekocoğrafi problemlər bu məsələlər ilə ciddi surətdə məşğul olmağı və onlara qarşı effektiv mübarizə üsulları yaratmağı tələb edir. Landşaft komplekslərinin mövcud vəziyyətinin heç olmasa indiki tarazlıq halında saxlanılması və mümkün qədər də yaxşılaşdırılması tədbirlərinin həyata keçirilməsi aktual məsələ olaraq bu gün qarşıda ən vacib məsələ kimi durur. Landşaftların zaman və məkan daxilindəki tərəddüd və kataklizmləri insanların təbiətə qeyri-rasional texnogen-mexaniki, fiziki-kimyəvi və bioloji təsiri ilə əlaqədardır. Burada, xüsusilə təbii kompleksə uyğun olmayan kənd təsərrüfat bitkilərinin əkilməsi və ərazidə landşaftyaradıcı təməl bitkilərin sıradan çıxarılması faktları qeyd olunmalıdır.
Hal-hazırda səhralaşma problemi həm ekoloji və həm də sosial- iqtisadi problem olaraq əsasən quru subtropik iqlim şəraitində yerləşən Azərbaycan üçün həllini gözləyən vacib ekoloji problemlər sırasında son dərəcə aktual məsələ hesab edilir. Ekoloji və sosial-iqtisadi problem olan səhralaşma prosesi ərazinin təbii şəraitindən xüsusilə, relyef, iqlim, təbii sular, fauna, flora və s. asılı olaraq müxtəlif intensivlikdə təzahür edir. Quraqlıq, meşələrin məhv edilməsi, suvarılan əkin sahələrinin bir müddətdən sonra şoranlaşması, torpağın müxtəlif mənşəli tullantılarla çirklənməsi, şəxsi maldarlığın bütün təbii ərazilərə azad buraxılması və ifrat otarılma, biçindən sonra taxıl sahələrinin yandırılması və bu kimi səbəblər ərazinin ekoloji tarazlığına mənfi təsir göstərməkdədir. Şəki- Zaqatala bölgəsində hava şəraitində müşahidə olunan dəyişmələr yazın axırı, yay və payızın əvvəllərində uzunmüddətli quraqlıqların son illərdə bir-birini təkrarlaması dağ-meşə landşaft qurşaqlarındakı dağ-çöllərində qismən səhralaşmanı sürətləndirmişdir.