“Dendrologiya bağı” PHŞ-nin əməkdaşı “Planet” FM radiosunda qlobal iqlim dəyişikliyinin fəsadlarından danışıb
“Planet” FM radiosunda tanınmış jurnalist Nigar Məmmədovanın aparıcılığı ilə yayımlanan “Zaman maşını” verilişində qlobal iqlim dəyişikliyinin fəsadları və ekoloji maarifləndirmənin faydaları mövzusu müzakirə olunub.
Verilişin bu dəfəki qonağı Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin (PHŞ) aparıcı mütəxəssisi, “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri, ekoloq Elman Cəfərli olub.
Son 50 ildə atmosferdə karbon emissiyasının miqdarının artdığını vurğulayan E.Cəfərli bunun qlobal iqlim dəyişikliyinə gətirib çıxardığını bildirib.
Onun sözlərinə görə, Yer kürəsində dayanıqlı inkişafı təmin etmək üçün bütün dövlətlər karbon emissiyasının miqdarının azaldılması ilə bağlı öhdəliklərə əməl etməlidir.
Aparıcı mütəxəssis son illər ölkəmizdə bərpa olunan enerjiyə keçid istiqamətində görülən işlərdən, həyata keçirilən nəhəng layihələrdən bəhs edib.
E.Cəfərli buna paralel olaraq cəmiyyətdə ekoloji maarifləndirmənin gücləndirilməsini də vacib sayıb.
“Ətraf mühitin mühafizəsi tədbirləri gücləndirilməli, ekoloji şüurun formalaşdırılması sürətləndirilməlidir. Orta məktəblərdə ayrıca “Ekologiya” fənninin tədrisinə ehtiyac var”-deyə, o, bildirib.