27 sentyabr Vətən Müharibəsi şəhidlərinin Anım Günüdür!

Vətən müharibəsinin başlamasından 5 il keçir. 
Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.
27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Sonradan “Dəmir Yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi.
44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi. Noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri tərəfindən imzalanan Üçtərəfli Bəyannaməyə əsasən hərbi əməliyyatlar dayandırıldı. Düşmən kapitulyasiya aktına imza atdı.
2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edildi. 
2023-cü ilin sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması və Azərbaycan konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.
Cəmi bir sutka davam edən antiterror tədbirlərinin nəticəsində Qarabağdakı separatçı rejim ağ bayraq qaldırdı.
Qeyd edək ki, bu il Prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il sentyabrın 20-si ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.
Allah şəhidlərimizə rəhmət eləsin!

Şərhini yaz