Xəzər rayonunda “8 noyabr – Zəfər Günü” münasibətilə ümumrayon tədbiri keçirilib
Xəzər rayonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində 8 noyabr – Zəfər Günü ilə bağlı ümumrayon tədbiri keçirilib.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova, hüquq-mühafizə orqanlarının rəhbərləri, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, Şəhid ailələri, qazilər və müharibə iştirakçıları, rayonun idarə-təşkilat, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, Daxil İşlər Nazirliyinin Polis Akademiyasının, Daxili Qoşunların Hərbi İnstitutunun, Milli Aviasiya Akademiyasının müəllim və tələbə heyəti, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.
Öncə iştirakçılar Xəzər RİH-in inzibati binasının önündə ucaldılmış Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edərək abidə önünə gül dəstələri qoyublar.
Mərdəkan Mədəniyyət sarayında davam edən tədbirdə iştirakçılar sarayın foyesində təşkil edilmiş Azərbaycan Rəssamlar İttifaqının və Naxçıvan MR Rəssamlar Birliyinin üzvü Ramil Əhmədovun əl işlərindən ibarət rəsm sərgisiylə tanış olublar.
Daha sonra tədbirin rəsmi hissəsinə keçid edilərək Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbirdə şanlı zəfərimizə, tarixi qələbəmizə həsr olunmuş “Qızıl payız” adlı sənədli film nümayiş etdirilib.
Tədbirdə giriş sözü ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov “8 Noyabr – Zəfər Günü” ilə bağlı tədbir iştirakçılarını təbrik edərək 44 günlük Vətən Müharibəsinin Azərbaycanın tarixinə qızıl hərflərlə əbədi yazıldığını, bu qələbənin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, yenilməz ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, qanı bahasına, xalqımızın birliyi hesabına qazanıldığını qeyd edib.
Həmçinin, konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycanın öz suverenliyini bir daha bərpa etdiyini vurğulayıb.
Çıxışlardan sonra respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı keçirilib.