“Dendrologiya bağı” PHŞ-nin kollektivi Vətən Müharibəsi şəhidlərinin məzarını ziyarət edib
Azərbaycan xalqı hər il 44 günlük Vətən Müharibəsində ölkənin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş oğul və qızlarımızın xatirəsini ehtiramla yad edir.
Noyabrın 7-də Bakı Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin (PHŞ) kollektivi Mərdəkan qəsəbəsində yerləşən məzarlıqda dəfn olunmuş Vətən Müharibəsi şəhidlərinin məzarını ziyarət edib.
“Dendrologiya bağı” PHŞ-nin əməkdaşları şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar. Əziz şəhidlərimizin ruhuna dualar oxunub.
Qeyd olunub ki, müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 44 günlük müharibədə ölkənin ərazi bütövlüyünü bərpa edib.
Bu mübarizədə öz canını fəda etmiş xalqımızın qəhrəman övladlarının xidməti misilsizdir.
Bildirilib ki, Azərbaycan xalqı əziz şəhidlərin xatirəsini daim ehtiramla yad edəcək, sağlamlığını Vətən uğrunda müharibədə qurban vermiş qazilərimizin fədakarlığını unutmayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!