Azərbaycanda Dövlət Bayrağı Günüdür
Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlət rəmzlərindən birinə çevrilib.
Azərbaycan Respublikasının Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub.
Həmin bayraq 1990-cı il noyabrın 17-də o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilib.
1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" qanun qəbul edərək onu Dövlət bayrağı elan edib.
1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan Respublikası AXC-nin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa edib.