Gəncədə Qərb bölgəsinin bitki aləminin qorunmasına dair Respublika Elmi Konfransı keçirilib
AMEA-nın Gəncə Bölməsində Elm və Təhsil Nazirliyi Gəncə Nəbatat Bağının təşkilatçılığı ilə “Müasir iqlim dəyişmələrinin Azərbaycanın Qərb bölgəsinin bitki örtüyünə təsiri” mövzusunda Respublika Elmi Konfransı keçirilib.
İki günlük elmi konfransa Gəncə ilə yanaşı, Bakı və Naxçıvanın elmi-tədqiqat və ali təhsil ocaqlarını təmsil edən alim və tədqiqatçılar qatılıblar.
Tədbirdən əvvəl Gəncədə fəaliyyət göstərən ekoloji yönümlü elmi qurumların nailiyyətlərinə həsr olunan sərgiyə baxış keçirilib.
Konfransı giriş sözü ilə açan AMEA-nın Rəyasət Heyətinin üzvü, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev iştirakçıları salamlayıb. O, AMEA-nın 80 illik yubileyi münasibətilə bu yaxınlarda keçirilmiş təntənəli yığıncaqda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışını tarixi hadisə kimi dəyərləndirib.
O, dövlət başçısının çağırışlarını alimlərimiz üçün bir proqram sənədi kimi xarakterizə edib.
Gəncə Dövlət Universitetinin Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Vaqif Novruzov çıxışında diqqəti qlobal ekoloji böhrana çəkib. Yaşadığımız əsrin təbiətə qarşı amansız davranışlarla yadda qaldığını vurğulayan akademik qlobal iqlim dəyişikliyinin daha çox antropogen amillər səbəbindən ciddi fəsadlar verdiyini bildirib.
Konfransın plenar iclasında həmçinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” publik hüquqi şəxsin (PHŞ) İdarə Heyətinin sədr müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova, Elm və Təhsil Nazirliyinin Nəbatat Bağının (Gəncə) direktoru Nizami Nağıyev, Bioresurslar İnstitutunun direktoru, k.ü.f.d., dosent İmran Qasımov, Radiasiya Problemləri İnstitutunun professoru, biologiya elmlər doktoru Elmixan Cəfərov, Gəncə şəhər Heydər Əliyev Parkının müdiri İlyas Məmmədov və digər alimlər çıxış ediblər.
Konfransda çıxış edən “Dendrologiya Bağı” PHŞ İdarə Heyətinin sədr müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. O, bildirib ki, “Dendrologiya Bağı”nda respublikanın təbii və mədəni flora genefondunun bərpası, bitki ehtiyatlarının səmərəli istifadə edilməsi, eləcə də uyğunlaşdırma və introduksiya istiqamətində geniş tədqiqat işləri aparılır.
S.Bağırova “Dendrologiya Bağı” PHŞ-nin Azərbaycanda və xarici ölkələrdə fəaliyyət göstərən analoji qurumlarla sıx əməkdaşlıq etdiyini bildirib. Onun sözlərinə görə, bir neçə yerli və xarici elmi müəssisələrlə imzalanmış əməkdaşlıq sazişinə əsasən tərəflərin birgə ekspedisiya araşdırmaları həyata keçirilir, həmçinin bitki materialları və herbari mübadiləsində əməkdaşlıq edilir.
Konfrans işini “Azərbaycanın qərb bölgəsinin bioloji müxtəlifliyinin müasir vəziyyəti və səmərəli istifadə”, “Dərman əhəmiyyətli faydalı bitkilərin öyrənilməsi və səmərəli istifadə olunması yolları”, “Nadir və nəsli kəsilməkdə olan bitkilər və müasir biotexnologiya”, “Biomüxtəlifliyin qorunmasında introduksiya və reintroduksiya”, “Qlobal iqlim dəyişmələri və onun floraya təsiri “, “Ölkə ərazisində yaşıllığın qorunmasında landşaft dizaynının müasir vəziyyəti” və “İqlim dəyişkənliyinin kənd təsərrüfatına təsiri” mövzularını əhatə edən 7 bölmə üzrə davam etdirib.
Respublika konfransının fəal iştirakçılarına sertifikatlar təqdim edilib.