“Dendrologiya Bağı" PHŞ İdarə Heyətinin Yeni il təbriki
Dəyərli soydaşlar, “Dendrologiya Bağı" publik hüquqi şəxsdə (PHŞ) çalışan əməkdaşlar!
Bu gün Azərbaycan xalqının ən əziz bayramlarından biri - birlik və bərabərlik bayramı olan Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür, eyni zamanda yeni 2026-cı ili qarşılayırıq. Yola saldığımız 2025-ci il Azərbaycan xalqının həyatında mühüm hadisələrlə yadda qaldı. Ölkəmiz müzəffər Ali Baş Komandan, prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə mühüm sosial-iqtisadi, siyasi uğurlara imza atdı, Azərbaycanın iqtisadi qüdrəti, beynəlxalq əlaqələri daha da möhkəmləndi.
Yola saldığımız 2025-ci il həm ölkəmiz, həm də "Dendrologiya Bağı" üçün uğurlu il kimi yadda qaldı. "Dendrologiya Bağı" olaraq uğurlu layihələrə, əməkdaşlıq müqavilələrinə imza atdıq.
2026-cı il Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunub.
“Şəhərsalma və Memarlıq İli” şəhər və qəsəbələrdə yaşıl zonaların genişləndirilməsi, yaşıl kəmərlərin və ekoloji dəhlizlərin yaradılması, şəhərsalma planlarında ekoloji balansın əsas meyar kimi nəzərə alınması, biomüxtəlifliyin qorunması, şəhər ətrafı təbii ərazilərin mühafizəsi, yerli bitki və ağac növlərinin yaşıllaşdırmada istifadəsi, canlı orqanizmlər üçün ekoloji mühitin qorunması prioritet vəzifə kimi qarşıda olacaq.
"Dendrologiya Bağı" olaraq “Şəhərsalma və Memarlıq İli”nə töhfələrimiz olacaq.
"Dendrologiya Bağı" PHŞ ətraf mühitin qorunması, bitki aləminin mühafizəsi, nadir bitkilərin toplanması istiqamətində səmərəli fəaliyyətinə 2026-cı ildə də davam edəcək.
Əziz həmkarlar, Həmrəylik bayramınız və Yeni iliniz mübarək! Qoy, yeni il dünyamıza sülh və əmin-amanlıq, ölkəmizə bolluq və firavanlıq gətirsin!
Sizə şəxsi həyatınızda və elmi-ictimai fəaliyyətinizdə uğurlar arzu edirəm!
Hörmətlə:
“Dendrologiya Bağı" PHŞ -in İdarə Heyəti adından sədr müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova