31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Bu gün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Eyni zamanda Yeni 2026-cı ilin astanasındayıq.
Artıq biz tarixi sınaqdan uğurla çıxan birlik və bərabərliyimizin bariz nümunəsi olan həmrəylik günümüzü böyük qürur hissi ilə Tarixi Qələbənin doğurduğu yüksək əhval-ruhiyyə şəraitində qeyd edirik. Bu gün xalqımızın birliyi, həmrəyliyi ölkəmizin inkişafını daha da sürətləndirib. Tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsində qazandığımız Zəfər həmrəyliyimizin, xalq-iqtidar birliyinin bir yumruq ətrafında birləşməyimizin bariz nümunəsidir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında həmrəylik bağlarının yaranmasında mühüm rol oynayır.
Bu günün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyulub. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdılıb.
Bu vaxt İstanbulda türkdilli xalqların konfransı keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi.
1991-ci ilin 16 dekabrında Azərbaycan xalqının ümummilli lideri, o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib.
Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayram edilir.
Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər.
Bayramınız mübarək!