Herbari elmi-tədqiqat üçün qorunan, kataloqlaşdırılan və sistematik şəkildə təşkil edilən bitki nümunələrinin və əlaqəli məlumatların toplusudur. Bu kolleksiyalar botaniklər, tədqiqatçılar, pedaqoqlar, tələbələr üçün bitki növlərini öyrənmək və müəyyən etmək üçün qiymətli resurs rolunu oynayır. Herbari bitkilər aləminin “lüğəti”dir, latın dilində tərcümədə "herba" ot, "herbari" otluq deməkdir. Herbarilər müxtəlifliyin sənədləşdirilməsində, bitki taksonomiyasının başa düşülməsində və zamanla bitki populyasiyalarında dəyişikliklərin izlənməsində mühüm rol oynayır. Bitki növlərini müəyyən etmək, onların coğrafi yayılmasını öyrənmək, ekoloji rollarını başa düşmək, bitki xüsusiyyətlərini müqayisə etmək və müxtəlif bitki taksonları arasında əlaqələr qurmaq üçün vacibdir. Herbari kolleksiyaları bitki populyasiyalarında dəyişiklikləri, invaziv növləri izləmək və ətraf mühitdəki dəyişikliklərin bitki müxtəlifliyinə təsirini qiymətləndirmək üçün dəyərlidir. Bu məlumatlar mühafizə işləri və nəsli kəsilməkdə olan bitki növlərinin qorunmasında effektiv strategiyaların işlənib hazırlanması üçün vacibdir. Toplanmış nümunələr sərt bir kağız üzərinə yerləşdirilir, uyğun şərait və temperaturda qurudulur, hər bir bitki növünün latın dilində taksonomik adı qurudulmuş herbarinin olduğu kağız üzərində qeyd edilir və qorunan bitki nümunələri müddətsiz olaraq saxlanılır. Toplanan bütün nümunələr haradan, nə vaxt və kim tərəfindən toplanıldıqlarını göstərən məlumatlar əks olunur. Herbari materialları bitki örtüyünə iqlim dəyişikliyinin və antropogen təsirlərin qiymətləndirilməsi, tibb, qida və ya sənaye üçün istifadə olunan iqtisadi əhəmiyyətli bitkiləri öyrənmək üçün hazır sənəddir.
Herbari fondu elmi məqsədlə saxlanılan qorunmuş bitki nümunələrindən ibarət kolleksiyadır. Herbari nümunələrindən əldə edilən məlumatlar konservasiya səylərinə, morfoloji və ya molekulyar tədqiqatlara, müəyyən bir bölgənin florasının və ya müəyyən bir cinsin monoqrafiyasının yaradılmasına kömək edə bilər. Ənənəvi morfologiyaya əsaslanan tədqiqatlara əlavə olaraq, herbarium nümunələri DNT analizi üçün genetik material mənbəyi ola bilər. Bu, bitki növlərinin təkamülünü və genetik müxtəlifliyini öyrənmək üçün xüsusilə faydalıdır. Bir növ daxilində mövcud olan dəyişkənliyi (fenotipik plastikliyi) sənədləşdirmək üçün bəzən bir bitki növünə aid bir neçə nümunə yığılır (məsələn, eyni növün yarpaqlarının bir neçə fərqli ölçüsü və forması (heterofil) ola bilər).
Bütün dünya üzrə herbari fondları bitkilərin diaqnostik xüsusiyyətlərini, növün daxilində hansı müxtəliflik diapazonunun mövcud olduğunu və harada meydana gəldiyi barədə elmi bilikləri əsaslandıran məlumatları təqdim edir. Bu baxımdan dünya herbari fondları floranın elmi irsinin qorunmasında mühüm rol oynayır. Herbari fondları naməlum bitkilərin düzgün adlandırılması və yeni növlərin müəyyən edilməsi üçün də vacib əvəzedilməz resursdur.