NİZAMNAMƏ

“Dendrologiya Bağı” publik hüquqi şəxsin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Dendrologiya Bağı” publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Dendrologiya Bağı” publik hüquqi şəxsin strukturu” təsdiq edilsin (2 nömrəli əlavə).

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 25 iyun 2022-ci il   № 250

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 25 iyun tarixli 250 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

1 nömrəli əlavə

“Dendrologiya Bağı” publik hüquqi şəxsin

NİZAMNAMƏSİ

1. Ümumi müddəalar

1.1. Dendrologiya Bağı (bundan sonra – Bağ) ona aid ərazinin idarə edilməsi, mühafizəsi, bitki növlərinin və yaşıllıq sahələrinin salınması, onlara qulluq edilməsi, həmin bitkilərin qorunması və saxlanılması, ərazisinin qorunması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində (bundan sonra-müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.

1.2. Bağ Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində fəaliyyət göstərir.

1.3. Bağ öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları və Bakı Şəhər İcra Hakimiyyəti başçısının əmr və sərəncamlarını rəhbər tutur.

1.4. Bağ öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. Bağın müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, üzərində Bakı Şəhər İcra Hakimiyyətinin adı, öz adı və “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, həmçinin Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.6. Bağ ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Bağ sahibkarlıq fəaliyyəti ilə yalnız həmin fəaliyyət bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etdiyi hallarda məşğul ola bilər.

1.7. Qanuna uyğun olaraq Bağın əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Bağ məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.8. Bağ Bakı şəhərində yerləşir.

2. Bağın fəaliyyətinin istiqamətləri

2.1. Bağın fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. Azərbaycanın bitki ehtiyatlarının zənginləşdirilməsi və tədqiqi üçün respublikanın müxtəlif ekoloji şəraitində bitən və xarici ölkələrdən gətirilən nadir, nəsli kəsilməkdə olan bitkilərin genofondunu saxlamaq və mühafizəsini təşkil etmək;

2.1.2. Bağın ərazisinin paytaxt sakinlərinin və qonaqların asudə vaxtlarının keçirilməsi üçün unikal təbiətə malik istirahət məkanına çevrilməsi məqsədilə zəruri tədbirlər görmək;

2.1.3. nəbatat və ekologiya elminin nailiyyətini təbliğ etmək;

2.1.4. Bağa aid ərazini idarə etmək, mühafizəsi və qorunması ilə bağlı tədbirlər görmək;

2.1.5. Bağın ərazisində bitki növlərinin və yaşıllıq sahələrinin salınması, onlara qulluq edilməsi, həmin bitkilərin qorunması və saxlanılması işlərini təşkil etmək.

3. Bağın vəzifələri

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Bağın vəzifələri aşağıdakılardır:

3.1.1. müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların işlənilib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.1.2. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Bağın səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;

3.1.3. elmi, iqtisadi, təsərrüfat əhəmiyyətli, nadir və nəsli kəsilməkdə olan yerli və introduksiya olunmuş bitkilərin canlı kolleksiyasını (genefondunu) qoruyub saxlamaq;

3.1.4. botanika, ekologiya və təbiəti mühafizə sahəsində, yaşıllaşdırma, bəzək-bağçılıq və landşaft memarlığı, elmi-pedaqoji tədris bazasının yaradılması və elmi maarifçilik sahələrində işlər aparmaq;

3.1.5. Bağın ərazisinin ekspozisiya, elmi tədqiqat işləri (kolleksiya və təcrübə sahələri, tingliklər), qoruq və inzibati sahələrinin təyinatı üzrə istifadə edilməsini təmin etmək;

3.1.6. xüsusi ekspozisiyalar, kolleksiya, təcrübə sahələri, tingliklər və herbarilər yaratmaq;

3.1.7. bitki ehtiyatlarının toplanması, öyrənilməsi, kolleksiya fondunun artırılması məqsədilə ekspedisiyalar təşkil etmək;

3.1.8. təbii və xarici floradan olan əhəmiyyətli yeni bitkilərin ilkin becərilmə aqrotexnikasını işləyib hazırlamaq və tədqiq etmək;

3.1.9. əhalinin mədəni istirahətini təşkil etmək, uşaqlarda və gənclərdə ətraf mühitin qorunması, bitkilərə qarşı humanist prinsiplərə uyğun davranılması hisslərinin aşılanması üçün tədbirlər görmək;

3.1.10. müvafiq sahədə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək;

3.1.11. Bağın ərazisində olan bitkilərin qorunmasının əhəmiyyəti ilə bağlı əhalinin geniş kütlələrini maarifləndirmək və məlumatlandırmaq;

3.1.12. müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;

3.1.13. süni şəraitdə öyrənilməsi və artırılması proqramının həyata keçirilməsi üçün digər ölkələrin aidiyyəti bağları ilə bitkilərin mübadiləsini həyata keçirmək;

3.1.14. bağların fəaliyyətinə aid proqramlarda iştirak etmək, bu sahədə qeyri-hökumət təşkilatları və beynəlxalq təbiəti mühafizə qurumları ilə əməkdaşlıq etmək;

3.1.15. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.16. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, fəaliyyət göstərdiyi sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.17. fəaliyyət istiqamətləri üzrə peşəkar mütəxəssislərin hazırlanması, tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;

3.1.18. yüksəkixtisaslı kadrların müvafiq sahədə elmi-praktiki araşdırma və tədqiqat işlərinin aparılmasına kömək göstərmək;

3.1.19. fəaliyyəti ilə bağlı arayış və hesabatlar hazırlamaq, Bakı Şəhər İcra Hakimiyyətinə təqdim etmək;

3.1.20. kargüzarlığı və vətəndaşların qəbulunu normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək;

3.1.21. Bağın fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.22. dövlət orqanlarının və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin fəaliyyət göstərdiyi sahə üzrə fəaliyyətini əlaqələndirmək;

3.1.23. Bağa ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.24. Bağın informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.25. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.26. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək.

4. Bağın hüquqları

4.1. Öz vəzifələrini yerinə yetirmək üçün Bağın aşağıdakı hüquqları vardır:

4.1.1. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək;

4.1.2. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;

4.1.3. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək, onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.4. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

4.1.5. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

4.1.6. Bakı Şəhər İcra Hakimiyyəti başçısının razılığı ilə təsərrüfat cəmiyyətləri yaratmaq və onlarda iştirak etmək, filial, nümayəndəlik və idarələr yaratmaq;

4.1.7. müstəqil ekspertləri, mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

4.1.8. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;

4.1.9. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, həmçinin xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

4.1.10. əməkdaşlarının dövlət təltiflərinə və digər mükafatlara təqdim edilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə təkliflər vermək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

4.1.11. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq.

5. Bağın fəaliyyətinin idarə olunması

5.1. Bağ öz fəaliyyətində mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

5.2. Bağın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti İdarə Heyəti həyata keçirir.

5.3. İdarə Heyəti 3 (üç) üzvdən - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun 2 (iki) müavinindən ibarətdir.

5.4. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda onun səlahiyyətlərini İdarə Heyəti sədrinin müəyyən etdiyi İdarə Heyəti sədrinin müavinlərindən biri icra edir.

5.5. İdarə Heyəti aşağıdakı vəzifələri yerinə yetirir:

5.5.1. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə təkliflər verir və sənədlər (o cümlədən Bağın illik maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim edir;

5.5.2. Bağın strateji məqsəd və planlarını müəyyən etmək, inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə təkliflər verir;

5.5.3. Bağın maliyyə planlaşdırmasını və büdcəsini Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmaqla təsdiq edir;

5.5.4. Bağın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı hüquqi aktların layihələrinə baxır və həmin layihələri Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edir;

5.5.5. Bağın fəaliyyətini təşkil edir və ona nəzarət edir;

5.5.6. ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

5.5.7. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxır və qərar qəbul edir;

5.5.8. Bağın əməyin ödənişi fondunun, işçilərin say həddinin və əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiq edilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə təkliflər verir;

5.5.9. fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə onun idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq edir;

5.5.10. Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə Bağın təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin Bağın idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul edir;

5.5.11. Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə Bağın xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Bağın aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edir;

5.5.12. aidiyyəti şəxslə dəyəri Bağın aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edir;

5.5.13. Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə Bağın kənar auditorunu təyin edir və audit hesabatını qəbul edir;

5.5.14. Bağın göstərdiyi xidmətlərin qiymətləri ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə təkliflər verir;

5.5.15. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görür;

5.5.16. cari və operativ məsələlər barədə Bakı Şəhər İcra Hakimiyyətini məlumatlandırır;

5.5.17. Bağın daxili audit bölməsinin fəaliyyətinə nəzarət edir və fəaliyyətinə dair hesabatlar alır, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir;

5.5.18. Bağın strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət edir;

5.5.19. Bağın fəaliyyətinə dair illik hesabatı dinləyir;

5.5.20. İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar verir.

5.6. İdarə Heyətinin sədri ayda bir dəfədən az olmayaraq İdarə Heyətinin iclaslarını çağırır və iclaslara sədrlik edir. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin sədri və ya digər üzvü çıxış edir. İdarə Heyətinin iclasları İdarə Heyəti üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.

5.7. İdarə Heyətinin iclasının nəticəsi İdarə Heyəti üzvlərinin və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir.

5.8. İdarə Heyətinin iclasında hər bir üzv bir səsə malik olmaqla, qərarlar açıq səsvermə yolu ilə, sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledici sayılır. Səsvermə zamanı iştirakçıların bitərəf qalmasına icazə verilmir.

5.9. İdarə Heyətinin üzvlərinə, habelə İdarə Heyətinin iclaslarına dəvət olunan şəxslərə İdarə Heyətinin iclaslarının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.

5.10. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

5.11. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan əvvəl təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla qərar qəbul edilə bilməz.

5.12. İdarə Heyətinin sədri:

5.12.1. Bağın fəaliyyətinə cari rəhbərliyi həyata keçirir və onu təmsil edir;

5.12.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir və iclaslarının gündəliyini müəyyənləşdirir;

5.12.3. öz təşəbbüsü və ya İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

5.12.4. öz təşəbbüsü, habelə İdarə Heyətinin hər hansı digər üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;

5.12.5. Bağın fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

5.12.6. Bağın fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

5.12.7. Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə Bağın təsərrüfat cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir;

5.12.8. bu Nizamnamə ilə müəyyən olunmuş hallar istisna olmaqla Bağın, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki qurumların (təsərrüfat cəmiyyətləri istisna olmaqla) işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsinə dair qərarlar qəbul edir;

5.12.9. Bağın əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

5.12.10. özünün, Bağın struktur bölmələrinin (o cümlədən idarə, filial və nümayəndəliklərinin) və təsərrüfat cəmiyyətlərinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

5.12.11. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Bağın adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

5.12.12. Bağın fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin qorunması, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

5.12.13. Bağın fəaliyyət istiqamətləri üzrə məşvərətçi komitələr və işçi qruplar yaradır;

5.12.14. İdarə Heyətinin fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür;

5.12.15. Bağda kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

5.12.16. Bağda müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir;

5.12.17. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Bağın Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmaqla təsdiq edir;

5.12.18. Bağ işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir;

5.12.19. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirir.

5.13. İdarə Heyətinin üzvləri:

5.13.1. İdarə Heyətinin səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edir;

5.13.2. İdarə Heyətinin iclasının gündəliyi və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olur;

5.13.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirir;

5.13.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə İdarə Heyətinin iclaslarında baxmaq barədə təkliflər verir;

5.13.5. İdarə Heyətinin qərarları, iclas protokolları və digər sənədlərlə tanış olur.

5.14. İdarə Heyətinin üzvləri İdarə Heyətinin iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsi ilə müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

6. Bağın fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

6.1. Təsisçi adından Bağın fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti həyata keçirirlər.

6.2. Bağın fəaliyyətinə dair illik hesabat Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edilir.

7. Bağın nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

7.1. Bağın nizamnamə fondu 1183991,0 (bir milyon yüz səksən üç min doqquz yüz doxsan bir) manatdır.

7.2. Bağın əmlakı nizamnamə fondundan, ona təsisçilər tərəfindən verilmiş digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla müəyyən edilən digər vəsaitlərdən formalaşır.

7.3. Bağ öz əmlakından yalnız Nizamnaməsi ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Bağ balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

7.4. Bağ qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Bağın, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

7.5. Bağın mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə dövlət büdcəsinə köçürülür.

7.6. Bağ tərəfindən həyata keçirilən xidmətlərin qiymətləri “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə uyğun olaraq tənzimlənən qiymətlərə (tariflərə) aiddir.

8. Bağda uçot və hesabat

8.1. Bağ “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotunu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

8.2. Bağ “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.

8.3. Bağ idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

8.4. Bağ öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

9. Bağın ləğvi və yenidən təşkili

9.1. Bağ Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yenidən təşkil olunur və ya ləğv edilir.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 25 iyun tarixli 250 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

2 nömrəli əlavə

“Dendrologiya Bağı” publik hüquqi şəxsin strukturu

“Dendrologiya Bağı” publik hüquqi şəxsin Aparatı (şöbələr, laboratoriyalar və elmi təcrübə sahələri).

Linkə keçid