2 fevral - Azərbaycan Gəncləri Günüdür
Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib.
Ulu öndər Heydər Əliyev hər zaman Azərbaycan gənclərinin gücünə, potensialına güvənir, dövlət quruculuğunda, idarəetmədə gənclərin önə çəkilməsini tövsiyyə edirdi: “Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik”.
Heydər Əliyev Azərbaycan gənclərinə inanırdı və 1998-ci il ölkə gəncləri ilə görüşündə bunu dilə gətirərək deyirdi: “Sizin kimi gəncləri olan, gələcəyi olan Azərbaycan basılmazdır, sarsılmazdır! Məni hədsiz sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün bəlalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var. Bunlar sizlərsizin, əziz övladlar!”
Ulu öndərin əsasını qoyduğu gənclər siyasəti bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Hazırda ölkəmizdə gənclər siyasəti keyfiyyətcə yeni mərhələsini yaşayır.
Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait bu sahəyə böyük diqqətin nəticəsidir.
2003-cü ildən sonrakı dövrdə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 2020-ci ilin 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər.
Ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması da diqqət mərkəzindədir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində müxtəlif layihələr həyata keçirilir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır.
Bu ali diqqət və qayğını daim öz üzərində hiss edən Azərbaycan gəncliyi göstərilən etimadı layiqincə doğrultmağa çalışır. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil dövlətimiz naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.
Azərbaycan öz inkişafında yeni mərhələyə qədəm qoyub. Özünün sosial inkişafı, iqtisadi uğurları ilə Cənubi Qafqazın lider ölkəsinə çevrilmiş Azərbaycanın qarşısında həlli vacib problemlər var. Dövlət müstəqilliyinin qazanılmasına, ərazi bütövlüyümüzü təmin olunmasında mühüm rol oynamış Azərbaycan gəncləri bu mərhələdə də öndə olacaq, böyük, qüdrətli Azərbaycan naminə mübarizəyə səfərbər olunacaqdır.