Bu gün 8 Mart Beynəlxalq Qadınlar günüdür
Martın 8-i dünyada Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Tarixi işçi qadınların haqlarının qorunması, qadınların maariflənməsi, cəmiyyətdə kişilərlə bərabər hüquqlara malik olması uğrunda mübarizə ilə bağlı olsa da, zamanla bu gün daha geniş mahiyyət qazanaraq qadına hörmət, sevgi ifadəsi olan, onu zəriflik mücəssəməsi kimi dəyərləndirən bayrama çevrilib.
Bu gün ilk dəfə 1857-ci il martın 8-də Nyu-Yorkda toxucu qadınların sosial tələbli aksiyası ilə tarixə düşüb. 1910-cu ildə Danimarkada qadınların beynəlxalq konfransında bu tarixin “Beynəlxalq qadınlar günü” kimi qeyd edilməsi qərara alınıb.
Əlamətdar gün 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, daha sonra digər Avropa ölkələrində qeyd olunub.
8 Mart 1975-ci ildə Birləşmiş Millətlər Təşkilatının da rəsmiləşdirdiyi bayramdır.
Azərbaycanda 8 Martın qeyd edilməsi ənənəsi ötən əsrin 20-ci illərində yaranıb.
Fədakar Azərbaycan qadını milli-mənəvi dəyərlərimizin min illər ərzində qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində,
Azərbaycanın müstəqillik qazanmasında, ərazi bütövlüyümüz uğrunda müharibədə böyük fədakarlıqlar göstərmiş, tarixi rol oynamışlar.
Azərbaycan böyük zəfəri ilə bitən 44 günlük Vətən savaşında Azərbaycan qadını istər ön, istərsə də arxa cəbhədə böyük hünər göstərdi.
Azərbaycan xanımı 150 il bundan öncəki hüquqsuz Şərq qadını deyil.
Bu gün dövlət strukturlarında və elm təhsil, səhiyyə sahələrində başda Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva olmaqla minlərlə azərbaycanlı xanım çalışır.
Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. İnanırıq ki, yeni mərhələdə Azərbaycan qadını ictimai-siyasi, sosial iqtisadi, maarif, elm, mədəniyyət də digər sferalarda aktivliyi ilə yadda qalacaq, böyük uğurlar qazanacaq. Bu ilki 8 Mart Bayramı ilk dəfə olaraq bütöv Azərbaycanda qeyd olunur. Buna görə şəhid və qazilərimizə, onları doğuran analara borcluyuq. Bu əziz gündə şəhid və qazi analarını, qazi xanımlarını hərarətlə salamlayır, onlara sonsuz minnətdarlığımızı bildiririk.
Bayramınız mübarək, əziz xanımlar! Sizə möhkəm can sağlığı, şəxsi işlərinizdə və peşə fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirik!