“Dendrologiya Bağı” PHŞ-nin kollektivi növbəti dəfə iməcilik keçirib
Novruz ənənələrinə uyğun olaraq paytaxt Bakının müxtəlif rayonlarında təmizlik və abadlıq işləri davam etdirilir.
Martın 16-da ənənəsinə sadiq qalan Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” Publik Hüquqi Şəxsin kollektivi Xəzər rayonu S.Yesenin küçəsində iməcilik keçirib.
Səhər saatlarından başlanan aksiyada ətrafda yerləşən ictimai-iaşə, ticarət və digər obyektlərin əməkdaşları da iştirak edib.
Yol kənarındakı ağacların üzərindəki toz və torpaq, qurumuş budaqlar təmizlənib, onların dibi yumşaldılıb. Mövsümlə əlaqədar ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib, təbii gübrələr verilib.
Bitkilərin üzərindəki zərərli orqanizmlərin təmizlənməsi məqsədi ilə xüsusi yuyucu maddələrlə yuyulub.
S.Yesenin küçəsində səkilərin kənarı, bordyurlar və işıq dirəkləri təmizlənib, park və istirahət yerlərində oturacaqlar yuyulub. “Dendrologiya Bağı” Publik Hüquqi Şəxsin kollektivi tərəfindən iməcilik tədbirləri mütəmadi olaraq davam etdiriləcək.
Qeyd edək ki, bu kimi abadlıq və yaşıllaşdırma aksiyalarının Bakı şəhərinin bütün rayonlarında keçirilməsi və mövsüm ərzində yaşıllıqlara qulluq göstərilməsi və təmizlik tədbirlərinin görülməsi nəzərdə tutulur.