Bu gün Azərbaycanda Novruz bayramıdır
Bu gün xalqımız ən sevimli bayramlarından biri olan Novruzu qarşılayır. Bu, böyük zəfərlə bitən Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan xalqının qeyd etdiyi dördüncü Novruz bayramıdır.
Ötən ilin sentyabrında Müzəffər Ali Baş Komandan prezident İlham Əliyevin rəhbərlik etdiyi ordumuzun apardığı uğurlu antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin olundu.
Bu il ilk dəfə olaraq Novruz tonqalları işğaldan azad olunmuş qədim yurd yerlərimiz Xankəndi, Əsgəran, Ağdərə, Xocalı və Xocavənddə də qalanır. Bu gün işğaldan azad olunmuş Qarabağın qəsəbə və kəndlərində bayram süfrələri açılır.
Azərbaycan xalqı bu il də Novruz bayramını qürur hissi ilə qarşılayır.
Qeyd edək ki, bu il Azərbaycana yaz fəslinin gəlişi martın 20-də saat 19:33:23-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsəcək və Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində astronomik yaz fəsli, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün, 17 saat, 40 dəqiqə olacaq.
Novruz bayramı gecə ilə gündüzün bərabərləşdiyini xəbər verən ilk bahar günüdür.
Xatırladaq ki, Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Əcdadlarımız yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Bəzi qədim inanclara görə, kainat dörd ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Məhz bu səbəbdən də hər il Novruz bayramından əvvəl 4 çərşənbə qeyd olunur.
Bu bayramın qurşaq atmaq və ya şallaq sallamaq, qulaq falına çıxmaq, tonqalın üzərindən tullanmaq, səməni yetişdirmək, yumurta boyamaq, yumurta döyüşdürmək, qonaq getmək, şam yandırmaq, yallı getmək kimi özünəməxsus adətləri var.
Xalqımızın inancına görə, Novruz bayramı günü, xüsusilə İlaxır çərşənbəsi günü qapıya atılan qurşağı boş qaytarmazlar, evdə ancaq xoş söhbətlər edərlər. Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara sovqat apararlar, bayram günü ailənin sayı qədər şam yandırarlar.
Bayramınız mübarək!