Orxus İctimai Ekologiya İnformasiya Mərkəzində ekologiya sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatlarının konfransı keçirilib
Martın 29-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Orxus İctimai Ekoloji İnformasiya Mərkəzində Azərbaycanda ekologiya sahəsində ixtisaslaşan QHT-ləri birləşdirən “Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platforması QHT Koalisiyası konfrans keçirib. “Ekoloji problemlərin həllində vətəndaş cəmiyyətinin və ictimaiyyətin rolu nə ola bilər” adlı konfransda qurumun 2024-cü il üçün həyata keçirəcəyi tədbirləri və strateji sənədi içtimaiyyətə təqdim olunub.
Konfransda “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə, “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım, “Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” “Ulduz” İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində maarifləndirmə “Sağlam Həyata Doğru”, Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək ictimai birliklərinin, “Demokratiyanın Monitoru” təşkilatını, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədrləri iştirak edib.
Kənd Təsərrüfatı, Elm və Təhsil nazirliklərinin, ARDNŞ, “Azəriqaz” İB, “Təmiz Şəhər” ASC, “Azərsu” ASC-nin təmsiçliləri də konfransa qatılıb.
Tədbiri açan “Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platforması QHT Koalisiyasının koordinatoru Samir Həsənov “Yaşıl dünya naminə” ekoloji həmrəylik ilində vətəndaş cəmiyyətinin üzərinə düşən vəzifələrdən danışıb, koalisiyanın görəcəyi işlər barədə məlumat verib.
Koalisiyanın İdarə Heyətinin üzvü, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov mövcud ekoloji problemlər barəsində hazırladığı hesabatı təqdimat edib. Sonra təqdimat ətrafında müzakirələr olub.
Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri Taleh Əliyev bildirib ki, ekoloji problemlərlə bağlı cəmiyyətdə maarifləndirmə tədbirlərinin keçirilməsinə ehtiyac var. Onun fikrincə, ətraf mühit problemlərini diqqətdə saxlamaq üçün internet televiziyasının yaradılması faydalı olardı.
Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov rəhbərlik etdiyi internet televiziyasında ekoloji yönümlü QHT-lərə təbliğat və maarifləndirmə üçün hər cür imkanın yaradılacağını bildirib.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” Publik Hüquqi Şəxsin aparıcı məsləhətçisi, “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli QHT-ləri məktəblərlə, məktəb yaşlı uşaqlarla sıx işləməyə çağırıb. QHT sədri bildirib ki, ətraf mühit problemləri ilə bağlı şagirdlərin mütəmadi maarifləndirilməsinə ehtiyac var: “Biz Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə məktəblərdə bir sıra tədbirlər keçirmişik. Bəzən öz təşəbbüsümüzlə məktəblilərlə görüşlər təşkil etmişik. Bu kimi görüşlərin şagirdlərə müsbət təsiri var. Hesab edirik ki, ekoloji tərbiyə erkən yaşlarda başlamalıdır.
Məktəblərdə keçirilən tədbirlər, nümayiş etdirilən video-çarxlar, video-kitablar şagirdlərin yaddaşında dərin iz buraxır. Elm və Təhsil Nazirliyi hər zaman orta ümumtəhsil məktəblərində keçirmək istədiyimiz görüşlərə şərait yaradıb”.
Kənd Təsərrüfatı, Elm və Təhsil nazirliklərinin, ARDNŞ, “Azəriqaz” İB, “Təmiz Şəhər” ASC, “Azərsu” ASC-nin nümayəndələri təmsil etdikləri qurumların QHT-lərlə əməkdaşlığa hazır olduğunu bildirib.