Azərbaycanlılara qarşı törədilmiş 31 mart soyqırımından 106 il ötür
Bu gün erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımının növbəti ildönümüdür. Qanlı mart hadisələrdən 106 il ötür.
“Böyük Ermənistan” yaratmaq iddiasına düşən erməni millətçiləri zaman-zaman azərbaycanlılara qarşı qanlı qırğınlar həyata keçirmişlər.
Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən sonra bölgədə idarəsizlik, xaos hökm sürürdü. Bundan sui-istifadə edən ermənilər azərbaycanlıları qədim yurdlarından qovmaq, yeni ərazilərə sahiblənmək istəyirdilər.
1918-ci ilin mart ayından etibarən ermənilər mənfur planlarını icra etməyə başladılar.
Həmin günlərdə Bakı şəhərində, habelə Şamaxı, Quba və digər şəhər və qəzalarda onminlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirildi, yaşayış məntəqələri dağıdıldı, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edildi. Sonrakı dövrlərdə Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirildi.
Ermənilər bədnam əməllərinə ilk siyasi qiymət Azərbaycan Xalq Cümhuriyyəti dövründə verilib. Cümhuriyyət yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilib və Nazirlər Şurası iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul edib.
Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırıb. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib.
1998-ci il martın 26-da Prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
2013-cü ildə Qubada bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan azərbaycanlıların xatirəsinə Quba Soyqırımı Memorial Kompleksi ucaldılıb.
Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid yüzlərlə meyitin qalıqları aşkar edilib. Məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.
Quba Soyqırımı Memorial Kompleksinin açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib:
“Sovet dövründə təbii ki, tarix təhrif edildiyi üçün bu həqiqətlər bizdən gizlədilirdi. Hesab edirəm ki, bu, böyük faciədir. Çünki uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərəfinə abidələr ucaldılırdı.
Yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpa etdik. Gözəl şəhərimizi, Bakımızı o abidələrdən təmizlədik və bu gün o yerlərdə gözəl parklar, o cümlədən Sahil parkı yaradılıbdır. Yəni, tarix, ədalət zəfər çaldı. Biz bu gün öz tariximizə qayıdırıq. Tarixin bütün məqamlarını bilirik, bilməliyik. Gənc nəsil də bilməlidir ki, xalqımız keçmişdə hansı fəlakətlərlə üz-üzə qalmışdır”.
Əsrlər keçsə də xalqımıza qarşı baş vermiş bu qanlı faciəni unutmayacağıq. Allah şəhidlərimizə rəhmət eləsin.