“Dendrologiya Bağı” PHŞ-nin əməkdaşları Xəzər royunu ərazisindəki park və bağlarda Pinus eldarica Medw. növündə baş verən quruma hallarını araşdırıblar
İqlim dəyişkənliklərinin, təbii fəlakətlərin və antropogen təsirlərin güclənməsi ilə əlaqədar olaraq təbiətdə ekoloji tarazlığın pozulması müşahidə edilir. Bu istiqamətdə rеspublikаmızda ətrаf mühitin mühаfizəsi çərçivəsində gеniş işlər görülür və yаşıllаşdırmаdа həmişəyаşıl bitkilərə tələbаt аrtır. Park və bağlar canlı bitki genefondu kolleksiyalarının qorunması, öyrənilməsi və çoxaldılması üçün mərkəzə çevrilir.
İntroduksiya işlərində nadir və nəsli kəsilməkdə olan, sənaye əhəmiyyətli, iqtisadiyyatın müxtəlif sahələri üçün xammal mənbəyi kimi istifadə edilə bilən bitki növlərinə xüsusi maraq və diqqət göstərilməkdədir. Pinaceae Lindl. fəsiləsinə aid növlər dekorativ dəyərinə və fitonsid xüsusiyyətlərinə görə şəhər əhalisinin sıx məskunlaşdığı ərazilərin abadlaşdırılmasında yaşıllıq ərazilərin salınmasında xüsusi əhəmiyyət kəsb edir.
3 aprel 2024-cü il tarixində “Dendrologiya Bağı” publik hüquqi şəxsin “Ekologiya və iqlimləşdirmə” və “Landşaft memarlığı və sistematika” laboratoriyalarının əməkdaşları Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində yerləşən park və bağlarda olublar. Ezamiyyənin təşkilinin əsas məqsədi Abşeron yarımadasında Pinus eldarica Medw. növündə müşahidə edilən quruma hallarının araşdırılması və landşaft memarlığında istifadəsinin tədqiqidir.
Tədqiqat zamanı mütəxəssislər çöl şəraitində tədqiqat obyekti olaraq Pinus L., Euonymus L., Eucalyptus L'Her., Cupressus L.I., Nerium L., Ligustrum L., Thuja L. və bir sıra başqa cinslərə aid növlər üzərində tədqiqat aparıblar. Hər növün yaşıl yarpaqlarında Spad-502 Plus Chlorophyll meter cihazı ilə 5 mm2 sahədə xlorofilin nisbi miqdarı və Plant Photosynthesis meter 3051C avadanlığı vasitəsi ilə fotosintez parametrlərini təyini işini həyata keçiriblər.
İlkin nəticə olaraq Mərdəkan qəsəbəsində Eldar şamında aşağıdan yuxarı doğru quruma halları daha çox müşahidə edilmişdir. Su stressi iynələrin aşağıdan yuxarıya doğru məhv olmasına səbəb ola bilir və təbii reaksiya olaraq ağac digər hissələrindən stressi aradan qaldırmaq üçün aşağı budaqları qurudaraq qoruyucu reaksiya göstərir.
Eldar şamlarında iynələrin qəhvəyi rəngə çevrilməsi zəif suvarma və ya qida çatışmazlığının əlamətidir. Şam cinsinin müxtəlif növləri mənşə etibarı ilə duzadavamlı olduqlarından, Abşeronun bozqır torpaqlarındakı zəif və orta şoranlaşmaya davam gətirirlər. Düzgün aqrotexniki qulluğun aparılmaması və zəif suvarma, az gübrələmə iynələrin tökülməsinə və ya bitkinin qurumasına səbəb ola bilər.
Xəzər rayonu ərazisindəki park və bağlarda Pinus eldarica Medw. növündə baş verən quruma hallarının araşdırılması Dendrologiya bağının müvafiq laboratoriyaları tərəfindən davam etdiriləcəkdir.