UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub
Aprelin 24-də UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “Qlobal istiləşmənin yaratdığı problemlər: vəziyyətdən necə çıxaq?” mövzusunda ictimai müzakirə keçirilib.
Tədbirdə Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” Publik Hüquqi Şəxsin İdarə Heyəti sədrinin müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova, “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli, "Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova iştirak ediblər.
UNEC-in nəzdində Sosial İqtisadi Kollecin direktoru, pedaqogika elmləri doktoru, dosent Vidadi Orucov qlobal iqlim dəyişikliyinin ciddi fəsadlar verdiyini, təbii fəlakətlərin, sel və daşqınların artdığını, infeksion xəstəliklərin yayıldığını bildirib. Onun sözlərinə görə, qlobal ekoloji böhranı yaradan səbəblər diqqətlə öyrənilməli və problemlərin həlli istiqamətində müvafiq addımlar atılmalıdır.
Direktor “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülmüş işlərdən danışıb. O, bildirib ki, hər bir vətəndaş yaşıl dünya ilində həmrəy olmalı, ətraf mühitin qorunması, yaşıllıqların artırılması istiqamətində atılan addımlara dəstək verməlidir.
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli qlobal iqlim dəyişikliyinin son 30 ildə yaratdığı problemlərdən danışıb. O, bildirib ki, dünya əhalisinin sürətlə artması, sənayeləşmə və şəhərləşmə meşə sahələrinin azalması və iri meqalopolislərin yaranması ilə müşayiət olunub.
“Dünyanın taleyini düşünən beynəlxalq təşkilatlar artıq qlobal iqlim dəyişikliyi ilə bağlı həyəcan təbili çalırlar. Son illər fəsillər sanki yerini dəyişib. Bəzi fəsillərdə mövsümə uyğun olmayan anormal hava şəraiti hökm sürür. Bütün bunlar qlobal ekoloji böhranın nəticəsidir”-deyən, E. Cəfərli hesab edir ki, noyabrda Bakıda keçiriləcək COP-29 konfransı dünya bir mesaj olacaq, iqlimlə bağlı ciddi qərarların qəbulu ilə yadda qalacaq.
“COP-29-a dünyanın 120-dən çox ölkəsindən 80 mindən çox nümayəndə gələcək. Bu toplantı Azərbaycanın sosial-iqtisadi uğurlarının dünyaya tanıdılması, ölkəmizin yaşıl enerji potensialının öyrənilməi baxımından unikal şansdır. COP-29 iqlim problemlərindən çıxış yollarını araşdıran, birgə qərarların qəbuluna imkan yaradan bir platforma olacaq”-deyə, E.Cəfərli bildirib.
“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova gəncləri ətraf mühitə, canlı aləmə qarşı duyarlı olmağa səsləyib:
“Hər bir insan həyatı boyu 7 ağac əkib becərməlidir. Təbiət könüllüsü olaraq ağacəkmə aksiyalarına qatılın, ağackəsənlərə, məişət tullantılarını hara gəldi atanlara qarşı mübarizə aparın. Küçə heyvanlarına rəhmli davranın. Sizin nümunəvi davranışınız başqaları üçün də ibrət olacaq”.
Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin Azərbaycanın su resurslarını çirkləndirdiyini vurğulayan İradə Həsənova bildirib ki, buna bütün ekofəallar etirazını bildirməlidir: “Ermənistan Arazdəyəndə ABŞ şirkəti ilə birlikdə metallurgiya zavodu inşa edirdi. Bu müəssisə Araz çayını çirkləndirəcək, orada yaşayan bitki və heyvan növlərini məhv edəcəkdi. Biz beynəlxalq təşkilatlara müraciətlər ünvanladıq. Etirazlar nəticə verdi, həmin tikinti dayandırıldı”.
“Dendrologiya bağı” Publik Hüquqi Şəxsin İdarə Heyəti sədrinin müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova bildirib ki, son illər nadir flora və fauna növlərinin məhv olması da qlobal iqlim dəyişikliklərinin fəsadlarındandır:
“1989-cu ildə nəşr olunan I Qırmızı kitabda nadir bitki növlərinin sayı 140, fauna növlərinin sayı 108 idi. 2013-də nəşr olunan II Qırmızı kitabda bitki növləri 300, fauna növbləri 223-ə çatdı. Nəhayət, 2023- də çap olunan III Qırmızı kitabda nadir bitki növləri artıq 460-a, fauna növləri isə 241-ə çatıb. Qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması ilə bağlı çağırışlar ciddiyə alınmalı, ətraf mühitin qorunmasına yönəlik təşəbbüslər dəstəklənməlidir”.
Samirə Bağırova rəhbərlik etdiyi qurumun ağacəkmə aksiyalarında aktiv iştirak etdiyini, Xəzər sahili ərazilərin məişət tullantılarından təmizlənməsi ilə bağlı təşəbbüslərlə çıxış etdiyini bildirib.
UNEC-in nəzdində Sosial İqtisadi Kollecin təcrübə rəhbəri Natiq Musayev gəncləri su resurslarına qənaət etməyə, yaşıllaşdırma aksiyalarında fəallıq göstərməyə çağırıb.
O, iri şəhərlərdə ekoloji mühitin sağlamlaşdırılması üçün yaşıl nəqliyyata keçidi zəruri sayıb.