“Dendrologiya Bağı” publik hüquqi şəxs torpaq münbitliyinin artırılması istiqamətində tədqiqat işlərini davam etdirir
Hazırda torpaq, su və hava kimi ekosistemlərdə antropogen təsirlərin fəsadları durmadan artmaqdadır. Bu istiqamətdə “Dendrologiya Bağı” publik hüquqi şəxsin “Ekologiya və iqlimləşdirmə” laboratoriyası bağ ərazisində torpaq münbitliyinin artırılması istiqamətində tədqiqat işlərini davam etdirir.
Tədqiqat işlərinin həyata keçirilməsində əsas məqsəd qeyri-üzvi gübrələrə olan təlabatı azaltmaq, yeni üzvi gübrə növlərindən istifadə etməklə münbitliyin bərpası və torpaq qatlarında mineral çirklənmənin qarşısının alınmasıdır. İşin müqayisəli yerinə yetirilməsi məqsədi ilə Türkiyə Cümhuriyyətindən Vermikompost (Soxulcan gübrəsi), Leonardit, Biokömür və mineral gübrə (NPK) tədarük edilmişdir.
Bağın tədqiqat ərazində ayrılmış xüsusi sahə əkin üçün hazırlanmışdır. Fərqli gübrələrin növlər üzərində təsirinin araşdırılması məqsədi ilə hazırlanmış lək 4 hissəyə bölünmüş, 1-ci hissəyə leonardit gübrəsi, 2-ci hissəyə biokömür gübrəsi, 3-cü hissəyə vermikompost gübrəsi, 4-cü hissəyə isə mineral gübrə (NPK) əlavə edilmişdir.
Hər bir gübrə torpağa tam qarışdırılmış və Neftçala rayonundan gətirilmiş “Lodos” və “May 505” pambıq sortları, Böyük Qafqaz meşələrindən tədarük edilmiş Fagus orientalis Lipsky. növünün toxumları ləkə əkilmişdir. Əkindən əvvəl toxumlar laboratoriya şəraitində stratifikasiya edilmiş, səpin üçün hazırlanmışdır.
Müqayisəli təhlil üçün “Lodos” və “May 505” pambıq sortları qapalı şəraitdə cücərdilmiş, cücərmə faizi hesablanmışdır. Açıq sahədə əkin zamanı müvafiq metodikalara uyğun olaraq toxumların hər biri ölçü və kütləsi nəzərə alınmaqla müxtəlif dərinlikdə əkilmişdir. Sonda isə bitki mənşəli 40 mq kökləndirici maye gübrə 4 l suya qarışdırılaraq torpağa əlavə edilmişdir.
Tədqiqat işi davam etdirilir.