“Dendrologiya Bağı” publik hüquqi şəxsin əməkdaşları Elmi- praktik konfransda iştirak ediblər
26 aprel 2024-cü il tarixində Lənkəran Dövlət Universiteti (LDU) və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat və davamlı inkişaf” mövzusunda elmi-praktik konfrans keçirilib.
Açılışda LDU-nun rektorunun müşaviri, professor Mikayıl Məhərrəmov konfransın olduqca vacib qlobal problemlərin həllinə həsr olunduğunu, bu istiqamətdə dünyada və Azərbaycanda görülən işlərdən söz açıb.
Elmi konfransın “Azərbaycanda yaşıl iqtisadiyyatın inkişaf imkanları” adlı bölmə iclasında “Dendrologiya Bağı” publik hüquqi şəxsin mütəxəssisləri Şənay Albalıyeva və Aydan Ağamalıyeva “Yaşıl iqtisadiyyatda efir yağlı bitkilərin tətbiqi”, Sevinc Yusifova “Abşeronda psidium guajava L. növünün introduksiyası və yaşıllaşdırmada istifadə perspektivliyi”, Lalə Nəsirli isə “Abşeron yarımadası park və bağlarında Pinus eldarica Medw. növünə ətraf mühit dəyişkənliklərinin təsiri” adlı tezisləri ilə çıxış etmişdir.
Məruzələr “Yaşıl Dünya Naminə” görülən tədqiqat işlərini və əldə edilən mühüm nəticələri tam əhatə etmişdir. Təşkilati komitə tərəfindən fərqləndirilmiş əməkdaşlar sertifikata layiq görülmüş, konfrans materiallarında tezislərin dərc edilməsi nəzərdə tutulmuşdur.