Xeyriyyəçi mesenat, neft milyonçusu, maarifpərvər ziyalı Murtuza Muxtarov

Azərbaycan tarixində XIX əsrin ikinci yarısında meydana gələn sahibkar təbəqə ölkənin inkişafı ilə əlaqədar çoxlu xeyriyyə işləri görmüş və öz xalqının qayğısına qalmışlar. XX əsrin əvvəlində milyonçu yerli neftxudalar ən aşağı sosial təbəqələr - mədənlərdə fəhlə, usta köməkçisi, yaxud ustalar arasından çıxırdılar.

Təəssüf ki, Sovet imperiyasında milli burjuaziyanın nümayəndələri və xalq üçün gördükləri işlər haqqında danışmaq qəti qadağan olunduğundan onların fəaliyyəti uzun müddət xalq üçün naməlum qalmış, yalnız Sovet hökuməti dağıldıqdan sonra öyrənilmişdir. Həmin neft milyonçularından biri də, xeyriyyəçi maarifpərvər ziyalı, neft milyonçusu Murtuza Muxtarovdur.

Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyev kimi Azərbaycan neft sənayesinin görkəmli nümayəndəsi Murtuza Muxtarov 1857-ci ildə Bakının Əmircan kəndində kasıb arabaçı ailəsində dünyaya gəlmişdir. Ailə ənənəsinə sadiq qalaraq əvvəlcə arabaçılıq etməklə pul qazanan Murtuza, uzun müddət suvaqçı işləyib. Malakeşlik etdikdən sonra araba ilə neft daşlarında podratçılıqla məşğul olmuşdur.

1870-ci ildə arabasını satıb, erkən yaşlarından Balaxanı-Zabrat kəndləri ətrafında salınan mədənlərin birində Martov adlı sahibkarın qazma kontorunda fəhləliyə başlayır, dayaz quyulardan neft çıxarır.

Bu cavan oğlanın zirəkliyini, işə olan həvəsini, məsuliyyətini, bacarığını və iradəsini görən sahibkar Martov mexaniki alət və cihazların sirrini ona öyrədir, çox qısa zamanda onu usta vəzifəsinə irəli çəkir, mədən emalatxanasını da ona tapşırır və qısa bir zamanda onu buruq ustası təyin edir. Bir müddətdən sonra qocaldığını görən sahibkar Martov şəxsi emalatxanasını qazma avadanlığı ilə birgə ona satıb Rusiyaya gedir.

Murtuza maşınların səsindən, balta və boruların ahəngindən, avadanlıqların gurultusundan quyunun dərin qatlarındakı vəziyyətini müəyyən edə bilirdi. Muxtarovu quyulardakı nasazlıqların təmiri və aradan qaldırılması üzrə əvəzolunmaz usta kimi müxtəlif mədənlərə dəvət etməyə başlayırlar. Gənc Murtuza fitri çevikliyini nəzəri biliklərlə də zənginləşdirir - mühəndislər arasından özünə müəllimlər tutaraq, onların köməkliyi ilə texniki hazırlığa yiyələnir.

Muxtarovun adı daha çox Bakıda neft çıxarılma texnologiyasının inkişafı ilə bağlıdır. 1890-cı ildə 25 yaşlı Murtuza Muxtarov özəl qazma kontorunu açır, ən mürəkkəb və dərin quyuların qazılması üzrə sifarişlər almağa başlayır, bir çox ölkələrlə əməkdaşlıq edir. Onun ixtiraçılıq məharəti də elə burada üzə çıxır - Kanada istehsalı olan yarım mexanikləşdirilmiş ”Molot” qazma dəzgahına qısa dövrdə etdiyi bir çox dəyişiklik, həm avadanlığın istehsal qabiliyyətini artırmağa, həm də istifadə müddətini uzatmağa kömək edır.

Bakıda neft çıxarılması texnologiyasının inkişafı məhz Muxtarovun adı ilə bağlıdır. M.Muxtarov həmçinin zamanının diplomsuz neft mühəndisi kimi tanınmışdır. Həmin dövrdə kövrək, yağlı və s. süxurlarda quyu qazmaq möcüzə hesab edilirdi. O, yüksək texniki təhsil almasa da, neft maqnatları içərisində neft yataqlarının sirrini və qazma işlərini onun kimi peşəkar bilən sahibkar yox idi. 

M. Muxtarov 1890-cı ildə öz kontorunu "Muxtarov podratı" adlandıraraq daha da genişləndirir. Yarımmexanikləşdirilmiş "Molt" qazma avadanlığını təkmilləşdirərək, dəzgahında bir neçə dəyişikliklər edir, Abşeronda ilk dəfə olaraq 1100 metrlik quyu qazdırır.

İlk dəfə olaraq 1895-ci ildə o, metal ştanqlarla zərbə qazma dəzgahını quraşdırır və bunun üçün Dövlətdən Patent-Müəlliflik Şəhadətnaməsi alır. Muxtarov bu ixtirasına “Bakı qazma sistemi” adını verir. Muxtarovun dəzgahı o vaxtadək məlum olan bütün qazma dəzgahlarının ən mükəmməli idi. Rusiyanın Qroznı və Maykop şəhərlərində öz kontorunun filialını açır. Murtuza gecə-gündüz çalışır, xilasetmə ustası kimi ad çıxarır.

XIX əsrin sonlarında Murtuza Muxtarov Bibiheybətdə Rusiyada neft avadanlığı istehsal edən ilk sənaye müəssisəsi olan qazma avadanlığı zavodunu tikdirir. Zavodun yaxınlığında fəhlə və qulluqçular üçün üçmərtəbəli yaşayış binası tikdirir, yaradılan şəraitlə Bakının ən yaxşı işçi qüvvəsini ətrafına toplayır və neft çıxarılmasında yeni məlumatlar əldə edə bilirdi.

O, mühəndislərinin savad və texniki biliyini əsrin tələbinə uyğun artırmaq üçün sərmayə yatırır. Zavodda istehsal edilən dəzgah və avadanlıqlar Rusiya bazarında satılır və ya xaricə ixrac edilirdi. Eyni zamanda, Muxtarov özü də xaricdən, xüsusilə Amerikadan çoxlu alət, maşın, cihaz və avadanlıqları Bakıya gətirirdi. Hətta Azərbaycan sovet Rusiyası tərəfindən işğal edildikdən - İnqilabdan sonra da bu göstərişlər davam edir, onun adına avadanlıqlar göndərilirdi. Neftxudanın özünün xüsusi mədənləri də var idi.

Bununla yanaşı, 1917-ci ildə ilk taxta yonan dəzgah da onun tərəfindən ixtira edilir. Hazırda bu dəzgah Sankt -Peterburq şəhərində “Dağ-mədən” İnstitutunda saxlanılır.

Murtuza Muxtarovun kontorunun işgüzar əlaqələri geniş idi, onun neft sənayesindəki fəaliyyəti təkcə Azərbaycanı əhatə etmirdi. O, tez-tez Rusiyanın müxtəlif quberniyalarına səfər edir, işgüzar sövdələşmələr edirdi. Xüsusən Şimali Qafqaz neft sənayeçiləri, Maykop və Qroznıdakı mədən sahibləri ilə yaxın münasibətlər saxlayır, əlaqələr qurur, konstruktor büroları ilə texniki müqavilələr bağlayırdı.

Görkəmli xeyriyyəçi M.Muxtarov bugünədək Bakı şəhərində, onun ətraf kəndlərində, Rusiyanın şəhərlərində və Avropanın bəzi ölkələrində öz əzəmətini qoruyub saxlayan binaların tikilməsinə maddi dəstək vermişdir. Murtuza Muxtarov, həmçinin gözəl inşaatçı və böyük xeyriyyəçi olmuşdur. Onun Əmircan kəndində tikdirdiyi məscid binası indiyədək öz memarlıq quruluşu və əzəməti ilə göz oxşayır.

1901-ci ildə yerli əhali məscidin tikintisinə başlasa da, sonradan tikintini başa çatdırmaq üçün maliyyə vəsaiti tükənir və Muxtarova müraciət edilir. Milyonçu məscidin tikilməsi ilə maraqlanır və onun layihəsi üçün memarlar dəvət edir. O, bir neçə memarla məsləhətləşdikdən sonra tikintinin başa çatdırılmasının xərcini öz üzərinə götürür. 1908-ci ildə məscid Əmircan kəndində məşhur memar Zivərbəy Əhmədbəyovun layihəsi əsasında inşa edilir.

Məscidin inşasına başlayarkən 25 kq ağırlığında bütünlüklə qızıl suyu ilə Allah kəlmələri həkk olunmuş Quran kitabı Türkiyənin İstanbul şəhərində sifarişlə hazırlanır. İndi də Əmircan məscidində bu müqəddəs kitab əmanət kimi saxlanılır. Azərbaycanda Şərq memarlığının ən gözəl incilərindən biri sayılan bu qoşa minarəli əzəmətli məscid UNESCO-nun qorunan tarixi abidələr siyahısına daxil edilmişdir.

Həmçinin milyonçunun xeyriyyə işləri bunlarla bitmirdi. 1902-ci ildə M.Muxtarov Əmircan kəndində və Vladiqafqazda uşaqlar üçün məktəb, 1913-cü ildə Xəzərdə Pirallahı yaxınlığında bir gəminin batmağına xatirə əlaməti olaraq Mayak,  Mərdəkanın Pirhəsən adlanan ərazisində Axund Mirzə Abu Turabın qəbri üstündə günbəz, Vladiqafqaz şəhərində məscid, Kislovodskda, Rusiyanın bir çox şəhərlərində, Avropada, İtaliyanın Florensiya şəhərində mövcüd olan gözəl, yaraşıqlı binalar M.Muxtarovun vəsaiti hesabına tikilib və onun adını yaşadır.

1911-ci ildə inqilab zamanı da M.Muxtarov xalqına və millətinə öz köməyini əsirgəmirdi, belə ki, İrandan və Türkiyədən Bakıya gətirilən türk hərbi-əsirlərini xilas etmək məqsədi ilə susuzluqdan, antisanitariyadan, yoluxucu xəstəlikdən “ölmüş əsirlər” kimi qeydə alıb, Bakının Nargin adasında kisələrdə dənizə atdırırdı.

Xeyirxahlığı ilə tanınan Murtuza Muxtarov bir çox kasıb ailələrə köməklik göstərib, onların müalicələrinə və təhsil almaqlarına sərmayə sərf edirdi. Hələ o dövrlərdə Katya adlı bir şarmançını qızlığa götürmüş, ona Fatma adı vermişdir. Fatma Respublikamızda böyük opera solisti və Azərbaycan aktrisası kimi tanınmışdır.

1927-ci ildə şimali DRES-də və Şüvəlanda elektrik olmayan dövrdə Murtuza Muxtarov ilk dəfə elektrik dinamikasını qoymuş, Şüvəlan və Mərdəkan kəndlərini az da olsa elektrik enerjisi ilə təmin etmişdir.

Biznes fəaliyyətində uğurlu olan Murtuza Muxtarovun şəxsi həyatı o qədər də ürəkaçan olmamışdır. Ağa Murtuzanın ilk ailə həyatı çox faciəli sonluqla bitmişdir. İlk dəfə Əmircanın 4 böyük nəslindən birinin nümayəndəsi olan Hacı Yusifin qızı Qönçənaz adlı xanımla ailə qurmuş və ondan 2 qız övladı dünyaya gəlmişdi. Hər iki övladı faciəvi şəkildə dünyasını dəyişmişdir.

Murtuza Muxtarov Vladiqafqazda səfərdə olarkən övladları xəstələnmiş, müalicə gecikdirildiyindən hər iki övladı vəfat etmişdir. Neft sahibkarı səfərdən qayıtdıqdan sonra bu bədbəxt hadisənin təsirindən uzun müddət çıxa bilmir. Bu bədbəxtlik onu ömrünün sonunadək izləyir. O, bu faciənin bütün günahlarını Qönçənazda görərək, xanımı evdən qovur və ailə dağılır.

Murtuza Muxtarovun ikinci həyat yoldaşı Elizaveta Tuqanova olur. Muxtarov Besland səfərlərinin birində stansiyada perronda çərkəzi libaslı namaz qılan general Hambi Tuqanovla tanış olur. Vladiqafqazdan olan məşhur general Muxtarovu evinə qonaq çağırır və onu ailəsi ilə tanış edir.

Murtuza burada öz gələcək həyat yoldaşı - generalın ortancıl qızı Elizavetanı görür, ilk baxışdan ona aşiq olur. Murtuza Muxtarovun elçilik və toy mərasimləri çox dəbdəbəli və təmtəraqlı keçir. Murtuza və Lizanın nişanında ağ çərkəzi çuxa geyinib, ağ Buxara papağı qoymuş, qılınc taxmış 30 igid qız evinə 30 təmtəraqlı xonça gətirmiş, toy isə 7 gün, 7 gecə davam etmişdi.

Gəlini gümüş işləməli faytonda, həm də başdan-ayağa bəyaz geyinmiş, ağ at minmiş fəxri süvari dəstəsinin müşayiəti ilə aparmışdılar. Lizanın öz həyat yoldaşından çox kiçik olmasına və hər ikisinin müxtəlif sosial təbəqələrə mənsub olmalarına baxmayaraq, bu heç də onların birlikdə xoşbəxt yaşamalarına mane olmadı.

Vladiqafqazda dəbdəbəli toy mərasimindən sonra onlar Avropaya toy səyahətinə çıxmış, səyahətdən qayıtdıqdan sonra bir neçə il Vladiqafqazda yaşamışlar. Onların birgə ailə həyatlarından övladları olmasa da, bir çox uşaqlara qəyyumluq etmiş, ali təhsil vermişdilər. Görkəmli səhnə ustası Fatma Muxtarovanı da qızlığa götürmüşdülər. 

Muxtarov öz ailə xoşbəxtliyinə görə osetin torpağına minnətdarlığının ifadəsi kimi 1908-ci ildə Vladiqafqazda öz vəsaiti ilə bir çox parametrlərinə görə nadir memarlıq nümunəsi olan sünni məscidi inşa etdirir. Şiə məzhəbli Muxtarovun Liza Tuqanovanın şərəfinə Terek çayının sahilində tikdirdiyi sünni məscid indi də Şimali Qafqazın ən nəhəng məscidlərindən sayılır.

Ekspertlərin fikrincə, Muxtarovun tikdirdiyi bu məscid işlənmə gözəlliyi baxımından Rusiya ərazisində ən zəngin məscidlərdəndir. Osetin tarixçilərinin yazdığı kimi: "Vladiqafqaz şəhərinin sünni icmasının səlahiyyətli nümayəndələri general-leytenant İnal Kusov və İdris Şanayev məscidi tikdirmiş bakılı tacir Murtuza ağa Muxtarova bütün Vladiqafqaz müsəlmanları adından səmimi minnətdarlıq ifadəsi olaraq məscidi "Muxtarovun Cümə məscidi" adlandırmağa qərar verirlər".

Muxtarov Bakının demək olar ki, bütün xeyriyyə cəmiyyətlərinə maddi dəstək göstərirdi. O, Qərbi Avropa mədəniyyətinin pərəstişkarı idi və cəmiyyətdə xürafata qarşı mübarizə aparırdı. Neft milyonçusu mətbuatın inkişafına da töhfələr verirdi. Bakıda fəaliyyət göstərən "Tərəqqi" qəzeti onun maliyyə dəstəyi ilə nəşr olunurdu.

Muxtarov kimi həyat yoldaşı Liza xanım da xeyriyyə işlərindən geri qalmırdı. Azərbaycanda 1911-ci il yanvarın 22-də Xədicə xanım Əlibəyova tərəfindən Bakıda yaradılan ilk qadın mətbuat orqanı "İşıq" qəzetinin üzvlərindən biri də Liza xanım Muxtarova olmuşdur. O, qadınların elmə yiyələnməsi və təhsil alması üçün qadın hüquqları uğrunda fəal mübarizə aparırdı.

Murtuza Muxtarov Avropada toy səyahətində olarkən gənc xanımı Venesiya şəhərinin ecazkar memarlığına, italyan binalarının arxitekturasına valeh olur və o, bu məftunluğunu həyat yoldaşına bildirir. Venesiyada gəzərkən olduqca yaraşıqlı və əzəmətli bir binaya heyran olan sevimli xanımına Bakıda bir il ərzində İtaliyanın Venesiya şəhərindəki binaların arxitekturası üslubunda bir saray tikdirir (1911-1912).

Hazırki Səadət Sarayı memar İosif Ploşko tərəfindən fransız qotik üslubunda layihələndirilmişdir. Muxtarov Ploşkonu xüsusi olaraq Moskvadan Bakıya dəvət etmiş və sarayla yaxından tanış olması üçün İtaliyaya göndərmişdi. Ploşko Muxtarov üçün layihəni Şərq üslubunda tərtib edəcəyini düşünürdü, lakin M.Muxtarovun “İsmailiyyə” binası xoşuna gəldiyi üçün milli-şərq təfsirində deyil, “qotika” memarlıq üslubunda saray tikdirməyi qərara alır.

Murtuza Muxtarovun sarayının inşasını şəhərin mərkəzi magistralında (o zamanki Nikolayev, indiki İstiqlaliyyət küçəsi) nəzərdə tutulsa da, sonradan Nikolayev küçəsinin qonşuluğunda yerləşən ərazidə tikinti aparılmasını qərarlaşdırılmışdır.

Yerin sahibi torpağı satmaqdan imtina etdiyindən Muxtarov Persidski (hazırda Murtuza Muxtarov küçəsi) və Vrangel (hazırda Əhməd Cavad küçəsi) küçələrinin əks tərəfində, Aleksandr Nevski kafedralı (memar R.R.Marfeld, 1888-1889, inşaatçı Y.V.Qoslavski) ilə üzbəüz ərazini alır. Sarayın hər sütunu, tağları, buta və gülləri, pəncərə və qapıları təkrarolunmaz sənət əsəri, memarlıq incisidir və bu detallar içəri daxil olan hər kəsi valeh edir.

Qahirə məscidlərinin minarələrini xatırladan şaquli qüllələr şərq koloritini çox yaxşı təcəssüm etdirirdi. Səadət Sarayı kimi tanınan sarayın fasad detalları fransız qotikası ruhunda nəfis işlənmiş sütunlar, mərkəzi qüllə binaya xüsusi gözəllik verir. Sarayın klassik formalı üçmarşlı mərmər pilləkanına açılan vestibüldə order üsullarından daha çox istifadə olunub. Ön pilləkan təmtəraqlıdır, yarımdairəvi tavan isə dekorativ elementlərlə doludur. İ.Ploşko 1911-1912-ci illərdə Muxtarovun sarayını layihələşdirərkən Peterburqda memarlıq akademiki 1900-cü ildə mükafata layiq görülmüş H.D.Qrimmin layihəsindəki effektiv künc kompozisiyasından bəhrələnmişdir və fransız qotikasının üslub istiqamətinin traktəsinə yenidən baxaraq öz təfsirini vermişdir. Saray belə nəhəng və monumental kilsə ilə yanaşı yerləşməsinə baxmayaraq, çox əlverişli şəhərsalma mövqeyinə malik idi. 1930-cu ildə kilsənin sökülməsindən sonra sarayın ətrafı tamamilə açılmışdır.

Öz övladı olmadığından Liza xanım dəbdəbəli Sarayında pansion yaratmışdı, yetim və yoxsul ailələrdə böyüyən qızlar burada təlim-tərbiyə alırdılar. "Murtuza Muxtarov" Səhmdar Cəmiyyəti idarə heyətinin üzvü olan Liza xanım "Nicat" Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinə də dəstək verirdi. 1913-cü ildə təşkil edilmiş "Uşaq xəstəxanası" xeyriyyə cəmiyyətinin ən fəal üzvlərindən olan Liza xanım Bakıda məxsusi uşaq müalicəxanasının yaradılmasına yardım göstərmişdi. Onun maarifçilik və tərbiyəçilik fəaliyyəti daha geniş idi.

Saray Oktyabr inqilabından sonra Əli Bayramov adına Qadın klubu, daha sonra isə Şirvanşahlar muzeyi kimi fəaliyyət göstərib. Daha sonralar uzun illər Nikah evi kimi istifadə olunmuşdur. Bina 1911-1912-ci illər abidəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə "Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"na 149№-li inventar kimi daxil edilmişdir. 2007-2012-ci illərdə Sarayda bərpa işləri aparılmışdır. 5 iyul 2012-ci ildə sarayın açılışı baş tutmuş və Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev mərasimdə iştirak edərək görülmüş işlərlə tanış olmuşdur.

Liza xanım 1914-cü ildə yaradılan Bakı Qadın Xeyriyyə Cəmiyyətinə başçılıq edirdi. O, bu cəmiyyətin sıralarında Rəhilə Qaziyeva, Sara Vəzirova, Pəri Topçubaşova və bir çox başqalarını birləşdirə bildi. Liza xanım eyni zamanda vərəmlə mübarizə üzrə Qafqaz Cəmiyyəti Bakı şöbəsinin idarə heyətinin üzvü idi. Cəmiyyətin bütün məsələləri onun evində müzakirə olunur, məhz onun təşəbbüsü ilə tez-tez mədəni tədbirlər həyata keçirilirdi. Bundan başqa, qız məktəbində tamaşalar təşkil edir, qızlara ana qayğısı ilə yanaşırdı.

Təəssüf ki, sevgi ilə təməli qoyulan bu evliliyə sonadək xoşbəxtlik qismət olmur. Qarşıdan isə 1920-ci ilin apreli gəlirdi. Bakının azərbaycanlılar yaşayan məhəllələrində törətdikləri qətllərdən, qarətlərdən sonra silahlı 2 bolşevik qəsbkar 1920-ci il aprel ayının 29-u Muxtarovun evinin qapısını qıraraq evə daxil olur, ondan sovet hakimiyyətinə tabe olmağı və binanı tərk etməyi tələb edirlər. Bunu eşidən neft maqnatı öz tüfəngi ilə hər iki bolşeviki, sonra isə özünü öldürür. Murtuza Muxtarov Əmircanda tikdirdiyi məscidin həyətində dəfn edilib. Nəticədə bina XI ordunun qərargahına çevrilir.

Liza xanım Muxtarovanın taleyi də neft maqnatının taleyi kimi acı sonluqla bitir. Liza xanımı bolşeviklər əvvəlcə öz evinin zirzəmisində yaşamağa məcbur edirlər, lakin Bakıda qalmaq getdikcə çətinləşirdi. Liza xanım təhlükədən yaxa qurtarıb mühacirət etmək məqsədi ilə İstanbula gedir və Türkiyədə fəaliyyət göstərən Azərbaycan diasporası ona çox kömək edib. Liza xanım Muxtarovanın sonrakı taleyi haqda çox az məlumat var. Bəzi mənbələr onun 1950-ci illərdə Parisdə, bəzi mənbələrdə isə 1956-cı illərdə Almaniyada vəfat etdiyi qeyd olunur. Onun məzarının harda olması haqda məlumat yoxdur.

Hal-hazırda “Dendrologiya bağı” publik hüquqi şəxsin yerləşdiyi ərazi 1895-1920-ci illərdə neft milyonçusu, böyük xeyriyyəçi Murtuza Muxtarovun şəxsi bağı olmuşdur. Murtuza Muxtarov xalqına miras qoyduğu bu gözəl bağ evini "qotik" üslubunda "gəmi" formasında layihələndirmişdi. Binaların eyvanı hər yandan gəmi kayutasını xatırladır. Divarların eni 1 metr, hündürlüyü isə 8 metrdən ibarətdir. Sarayın qərb istiqamətində sağ tərəfdə yataq otağı, sol tərəfdə isə yemək otaqları mövcuddur. Şərq tərəfdə isə qulluqçuların yaşayışı üçün iki mərtəbəli bina ucaldılıb.

Binada akustika və venesiya sistemi vardır. Ümumi sahəsi 12 ha olan Dendrologiya bağı Abşeron yarımadasının şimal-şərq hissəsində, Xəzər dənizindən 3,2 km, şəhərin mərkəzindən isə 40 km məsafədə yerləşir. Dəniz səviyəsindən 8,2 m hündürlükdə yerləşən ərazinin illik orta temperaturu təxminən 13-150C-yə bərabər olur. Qış aylarında isə temperatur 8-8,20C təşkil edir, isti yay günlərində rütubətlik 35-40% aşağı düşür. Ərazidə illik yağıntının miqdarı 120-270 mm-dir. Mexaniki tərkibinə görə torpaq qələvi tərkibli olub (PH 8-9), boz gilli və qumsal torpaq tipinə aiddir.

Torpaqların tərkibini 80-85 % əhəng təşkil edir. Dendrologiya bağının torpaq qatı əkin üçün yararlı olmayıb, 20-40 sm dərinlikdə əhəngli qayalıqlarla əhatə olunmuşdur. Əkin üçün yararlı olmayan bağın ərazisinə M.Muxtarov Lənkərandan gəmilərlə torpaq gətirdib və bağa 60-80 sm qalınlığında əlavə torpaq verilmişdi.

 

Şərhini yaz