ETN Botanika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “Dünyamızı yaşıllaşdıraq” mövzusunda konfrans keçirilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 101 illiyi və “Yaşıl Dünya Naminə Həmrəylik İli” nə həsr olunmuş “Dünyamızı yaşıllaşdıraq” mövzusunda konfrans keçirilib.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbiri açan Botanika İnstitutunun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva “Heydər Əliyev fenomeni: Elm və Təhsilin vəhdətində” mövzusunda çıxış edib. Professor Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğundan, elmin, mədəniyyətin və təhsilin inkişafında misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, Azərbaycan xalqı Heydər Əliyevi haqlı olaraq, xilaskar adlandırırlar. Onun hakimiyyəti illərində Azərbaycan dövlətinin və xalqının firavan həyatının zəmanətinə çevrilmiş, sürətli inkişafa və tərəqqiyə, müstəqilliyin dönməzliyinə və təhlükəsizliyinə təminat verən, neft müqavilələri - “Əsrin müqaviləsi” imzalandı. Məhz Ulu öndərin qətiyyəti, iradəsi və cəsarəti sayəsində Azərbaycanın “qara qızılı” bu millətin gözəl günlərinin tarixini yazdı.
“Bu dövrdən etibarən Azərbaycan Respublikası bütün sosial-iqtisadi istiqamətlərdə sürətlə inkişaf etməyə başladı. Ümummilli Lider Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə 5 yeni ali təhsil müəssisəsi açılıb və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artıb. Ulu öndərin təhsil siyasəti konsepsiyasına əsaslanaraq demək olar ki, elm və təhsil iki müstəqil sahəni ehtiva etsə də onların birini digərindən təcrid etmək mümkün deyildir və bu baxımdan elm-təhsil problemlərinə kompleks şəkildə yanaşılmışdır. Hər iki istiqamət ümumi dövlət siyasətinin tərkib hissələrindən olduğundan və strateji mahiyyət daşıdığından onların inteqrasıyası da labüddür.
Çünki elmin təhsilsiz, təhsilin isə elmsiz mövcudluğu qeyri-mümkündür. Ümummilli lider öz çıxışlarında da dəfələrlə təhsilin mürəkkəb və olduqca vacib bir sahə olduğunu vurğulayaraq qeyd etmişdir ki, təhsil sahəsi cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir”-deyə, S.İbadullayeva bildirib.
Onun sözlərinə görə, ümummilli lider eyni missiyanı ölkənin zəngin təbiətinin və təbii sərvətlərinin dünyaya tanıdılması sahəsində də uzaqgörənliklə yerinə yetirib: “Heydər Əliyev ölkəmizin analoqu olmayan flora və faunası ilə daim fəxr və iftixar hissi keçirirdi, torpağının, havasının, landşaftının qorunub saxlanmasını, zənginləşdirilməsini tələb edirdi.
Ulu Öndər yaxşı bilirdi ki, Azərbaycanın sabit inkişafı ekoloji problemlərin həllindən çox asılıdır. Onun bu siyasəti yurdumuzun torpaq, bitki, su, hava, meşə, bulaq, bitki örtüyünü daha dərindən öyrənməyə istiqamət verirdi”.
Professor çıxışında onu da qeyd edib ki, bioloq-alimlərimiz tərəfindən cari ildə nəşr olunacaq “Qarabağ florası” adlı kitabın yazılması üçün Qarabağda bitkilərin yayılmasına dair geniş monitorinqlərə başlanılıb. 5 ekspedisiyadan 1-i artıq Laçın şəhərində həyata keçirilib.
“Dendrologiya Bağı” Publik Hüquqi Şəxsin İdarə heyətinin sədr müavini, b.ü.f.d., dosent Samirə Bağırova “Ulu Öndər Heydər Əliyevin ekoloji siyasəti” adlı məruzə ilə çıxış edib. O, bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətinin birinci və ikinci dönəmində hər zaman ölkədə ətraf mühitin sağlamlaşdırılması istiqamətində mühüm qərarlar verib, təşəbbüslərlə çıxış edib: “Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş ekoloji qərarlar, qanunlar, sərəncamlar ölkəmizdə ətarf mühitin qorunmasına, sağlamlığına yönəlmişdi.
Bu iş ardıcıl, müntəzəm və sistemli görüldüyü üçün böyük səmərə verib. Ulu Öndərin zəngin maddi sərvətlərimizə yaşıllığa, meşələrə, dağlara, çaylara, bulaqlara bir sözlə, təbiətə münasibəti onun azərbaycançılıq ideyasının tərkib hissəsi idi”.
S.Bağırova qeyd edib ki, Heydər Əliyevin fəaliyyətində ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi məsələləri həmişə xüsusi diqqət mərkəzində idi:
“Ulu öndərin 1969-1982 və 1993-2003-cü illərdə ölkəmizə rəhbərlik etdiyi dövrlərdə ekologiya və ətraf mühitin mühafizəsi sahəsində mühüm qanunlar və qərarlar qəbul edilib. Heydər Əliyevin hakimiyyəti dövründə ölkədə çoxlu qoruqlar, yasaqlıqlar, canlı təbiət guşələri, parklar, su anbarları yaradılıb. Şirvan, Pirqulu, eləcə də Talış dağlarının yuxarı zonalarında, İsmayıllı meşələrində, Laçın, Qubadlı rayonları ərazisində yaradılmış Dövlət qoruqları, Tərtərçay, Ağstafa dəryaçaları, Araz su qovşağı, Kür su kəməri, Arpaçay su anbarı məhz ulu öndərin hakimiyyəti illərində yaradılıb”.
Samirə Bağırova deyib ki, Ulu Öndərin geniş miqyasda meşəsalma tədbirləri həyata keçirilib: “1969-1982-ci illər ərzində dövlət meşə fondu torpaqlarında 51 min hektar sahədə yeni meşəliklər salınıb. 1989-1997-ci illərdə respublikada 45 min hektar sahədə meşə bərpa işləri aparılıb”.
Samirə Bağırovanın sözlərinə görə, ölkəmiz ekoloji böhranın nəticələrinin aradan qaldırılması üçün lazımi addımları atır.
“Son 50 ildə dünyamızı narahat edən əsas problemlərdən biri də qlobal iqlim dəyişikliyidir. Qlobal iqlim dəyişikliyinin fəsadları Azərbaycanda da hiss edilməyə başlayıb. Ekoloji problemlər nadir bitkilərin inkişafına da təsir edir.
1989-cu ildə nəşr olunan I “Qırmızı kitab”da nadir bitki növlərinin sayı 140, fauna növlərinin sayı 108 idisə, 2013-də nəşr olunan II “Qırmızı kitab”da bitki növləri 300, fauna 223-ə çatmışdı. 2023- də çap olunan III “Qırmızı kitab”da nadir bitki növləri 470, fauna növləri 241 olub”-deyə, bioloq alim bildirib.
S.Bağırovanın sözlərinə görə, Ümummilli liderin ölkəmizdə ekologiyanın qorunması ilə bağlı əsasını qoyduğu ənənə bu gün Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir”-deyə, o, bildirib.
S.Bağırova hər bir vətəndaşı yaşıl dünya naminə həmrəylik ilində prezident İlham Əliyevin çağırışlarına qoşulmağa, ətraf mühitin mühafizəsinə, yaşıllıqların salınması işinə töhfə verməyə çağırıb.
Konfrans işini “Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə heyətinin sədr müavini, Natiq Allahverdiyevin “Ulu Öndərin təbiətə qayğısı”, laboratoriya müdiri, b.e.d., dosent Həsən Babayevin “Ulu Öndər və Azərbaycan təbiəti”, Botanika İnstitutunun Elmi katibi, b.ü.f.d. Nigar Mürsəl qızının “Azərbaycan təbiətinin qorunması istiqamətində Ulu Öndərin əvəzsiz xidmətləri” və Botanika İnstitutunun aparıcı elmi işçisi, b.ü.f.d. Nuri Mövsümovanın “Biomüxtəlifliyin mühafizəsində Heydər Əliyevin rolu” mövzusunda çıxışları ilə davam etdirib.
Tədbir çərçivəsində Mərkəzi Nəbatat Bağı PHŞ-in yaşıllıq ərazisində ağacəkmə aksiyası həyata keçirilib, tədbir iştirakçıları tərəfindən ağac və gül kolları əkilib, onlara aqrotexniki qulluq göstərilib.