Dövlət Aqrar Universitetində “Beynəlxalq Bitki Sağlamlığı Günü: Dayanıqlı kənd təsərrüfatında bitki amili” mövzusunda elmi-praktik konfrans keçirilib
Azərbaycan Dövlət Aqrar Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş “Beynəlxalq Bitki Sağlamlığı Günü: Dayanıqlı kənd təsərrüfatında bitki amili” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə keçirilən konfrans Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsi, Qida Təhlükəsizliyi Agentliyi, Aqrar Xidmətlər Agentliyi, Ege Universitetinin Kənd təsərrüfatı fakültəsi, Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Lənkəran Dövlət Universiteti və “Azərpambıq ASK” MMC-nin tərəfdaşlığı ilə reallaşıb.
Gəncə Heydər Əliyev Mərkəzində keçirilən konfransın iştirakçıları Ulu Öndərin Mərkəzin qarşısında yerləşən abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra Mərkəzin foyesində Aqrar Universitetin tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Dövlət Aqrar Universitetinin tanıtım çarxı nümayiş olunub.
Rektor Zəfər Qurbanov çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan Dövlət Aqrar Universitetinə (keçmiş Azərbaycan Kənd Təsərrüfatı İnstitutu) diqqət və qayğısından bəhs edib. Rektor bildirib ki, Ümummilli Liderin ölkənin yеganə ali aqrar təhsil müəssisəsinə göstərdiyi diqqət və qayğı 20 ildən artıqdır ki, Prеzidеnt İlham Əliyеv tərəfindən ən yüksək səviyyədə davam еtdirilir.
Daha sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev, Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, AQTİ-nin Bitki sağlamlığı və risklərin qiymətləndirilməsi şöbəsinin müdiri Eldar Mustafayev, Ege Universitetinin rektoru Necdet Budak çıxış ediblər.
Konfrans işini bölmələrdə davam etdirib.
Konfransda Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədr müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova və qurumun digər əməkdaşları Şəbnəm Əşrəfova, Hökümə Mehrəliyeva, Firuzə Mustafayeva, Aybəniz Hacıyeva, Cəmalə Ağayeva, Gülşən Həsənova iştirak edib.
“Dendrologiya Bağı” PHŞ-nin əməkdaşlarına Dövlət Aqrar Universitetinin sertifikatları təqdim olunub.