“Yaşıl Dünya Uğrunda” QHT Koalisiyası SOCAR yetkililəri ilə görüşüb
“Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platforması QHT Koalisiyası Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) görüş keçirib. Görüşdə koalisiyanın İdarə Heyətinin üzvləri iştirak edib.
SOCAR-ın nümayəndələri Rakif Qafarov və Nigar Mehdiyeva ilə görüşdə koalisiya üzvləri 2024-cü il “Yaşıl dünya naminə ekoloji həmrəylik ili”ndə, COP29-a hazırlıq dövründə vətəndaş cəmiyyətinin və dövlət qurumlarının, bələdiyyələrin üzərinə düşən vəzifələrdən danışıblar.
Koalisiya üzvləri “Yaşıl dünya naminə həmrəylik ili”ndə təbliğat və təşviqat işlərinin artırılmasını vacib sayıb. Sonra qurumun irəli sürdüyü təkliflərlə bağlı məlumat verilib. Qeyd olunub ki, peşəkar təlimçilərin iştirakı ilə gənc könüllülər, ekoloqlar, vətəndaş cəmiyyəti fəalları və jurnalistlər üçün seminarların, təlimlərin keçiriləcəyi Ekologiya Akademiyasının yaradılması vacibdir.
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri, “Dendrologiya Bağı” PHŞ-nin əməkdaşı Elman Cəfərli cəmiyyətdə müntəzəm olaraq ekoloji maarifləndirməni həyata keçirəcək Eko.TV yutub kanalının açılmasını və fəaliyyətini vacib sayıb. “İnternet məkanında Azərbaycan dilində fəaliyyət göstərən yutub kanallarının əksəriyyəti ictimai-siyasi yönümlüdür. Mediada tibbdən, hərbi sahədən, siyasətdən, geopolitikadan, idmandan yazan ixtisaslaşmış jurnalistlər olsa da, ekologiya üzrə ixtisaslaşmış kadrlar yox dərəcəsindədir. Bu cür kadrları formalaşdırmaq, bunun üçün onları təlimlərə cəlb etmək lazımdır”-deyə, o, bildirib.
“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri, Radiasiya Problemləri İnstitutunun əməkdaşı, kimya üzrə fəlsəfə doktoru Sadiq Həsənov yaşıl enerjiyə keçidlə bağlı görüləsi vacib işlərdən danışıb. O, bildirib ki, iri şəhərlərdə, xüsusən paytaxt Bakıda ekoloji layihələrə əsaslanan nəqliyyat infrastrukturunun yaradılması günün tələbidir.
Təmsil etdiyi qurumun ekoloji mövzulara həssas yanaşdığını vurğulayan SOCAR-ın nümayəndəsi Rakif Qafarov şirkətin yaşıl enerjiyə keçidlə bağlı ideya və təşəbbüslərindən danışıb. O, görüşdə səslənən təkliflərin şirkət rəhbərliyinin diqqətinə çatdırılacağını bildirib.