Naxçıvanda “Biomüxtəlifliyin dayanıqlığının təmin edilməsində yeni çağırışlar (COP29) - yaşıl dünya və insan sağlamlığı” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib
3-4 iyun 2024-cü il tarixində “Dendrologiya Bağı” publik hüquqi şəxsin işçi qrupu: “Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu və Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş “Biomüxtəlifliyin dayanıqlığının təmin edilməsində yeni çağırışlar (COP29) -Yaşıl dünya və insan sağlamlığı” mövzusunda beynəlxalq elmi-praktiki konfransda iştirak etmişlər.
Konfransın açılış mərasimi Babək rayonunun Şıxmahmud kəndində yerləşən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bioresurslar İnstitutunun (Naxçıvan) Nəbatat bağında olmuşdur.
Tədbirin açılış mərasimində çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və AR ETN Botanika İnstitutunun direktoru professor Səyyarə İbadullayeva konfransın gedişində hər kəsə uğurlar arzu etmişdir.
Plenar məruzələr bölməsində “Dendrologiya Bağı” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova da öz çıxışında Naxçıvan Muxtar Respublikasının yaranması tarixindən danışmışdır.
O, bildirib ki, Muxtar Respublikanın qurulması tarixi zərurət idi: "1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaradılması bu qədim diyarın gələcək müqəddəratının həlli, ölkəmizin ərazi bütövlüyünün təmin olunması baxımından çox mühüm siyasi əhəmiyyətə malikdir.
Ulu Öndər Heydər Əliyevin hər iki hakimiyyəti dövründə Naxçıvanın sosial-iqtisadi inkişafına xüsusi diqqət ayrılırdı. Naxçıvana olan xüsusi diqqət və qayğı Prezident İlham Əliyevin dövründə də uğurla davam etdirilir".
Konfrans öz işini 2 gün ərzində 8 bölmə üzrə davam etdirmişdir. B.ü.f.d., dosent Samirə Bağırova panel müzakirələrində moderator qismində iştirak etmişdir.
“Bitkilərin mühafizəsi və inkişafının təmin edilməsi” şöbəsinin müdiri b.ü.f.d., dosent Aqil Qasımov və həmin şöbənin məsləhətçi aqronomu Xədicə Əliyeva “Dendrologiya Bağı ərazisində introduksiya olunan bitki növlərinə zərərli orqanizmlərin təsiri”, “Landşaft memarlığı və sistematika” laboratoriyasının müdiri v.i.e. Şəbnəm Əşrəfova “Pinus eldarica Medw. növündə fotosintez dinamikasına iqlim dəyişkənliyinin təsiri” adlı tezisləri ilə çıxış etmişdir.
Həmçinin, əməkdaşlar poster təqdimatlarla öz tezislərini nümayiş etdirmişlər. Konfransın yekununda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.
Elmi-praktiki konfransın sonrakı mərhələlərində iştirakçıların Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkına maarifləndirici ekskursiyası təşkil olunmuşdur.
Təşkil edilən ekskursiyada iştirakçılar parkın ərazisində yerləşən fauna və flora muzeyi ilə tanış olmuşlar.