“Heydər Əliyev İli”nə həsr edilmiş beynəlxalq elmi-praktiki konfrans keçirilib
22-24 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun təşkilatçılığı ilə yerli və xarici alimlərin iştirak etdiyi “Heydər Əliyev İli”nə həsr edilmiş “Bitki aləminin öyrənilməsində müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. “Dendrologiya Bağı” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini Samirə Bağırova və əməkdaşlar Hicran Atayeva, Şəbnəm Əşrəfova, Leyla Atayevanın “Linum usitatissimum L. növünün bioekoloji xüsusiyyətləri və səmərəliliyi” adlı məqaləsi və “Azərbaycan Respublikasının Hirkan Milli Parkının Dendroloji və Dendroxronoloji Tədqiqatı” adlı tezisi də konfrans materiallarında dərc olunub. “Linum usitatissimum L. növünün bioekoloji xüsusiyyətləri və səmərəliliyi” adlı məqalədə qeyd olunur ki, aqrar sektorda yeni innovativ fikirlərin formalaşması günümüzün aktual problemləri siyahısındadır.
Məqalədə qeyd edilir ki, kənd təsərrüfatının inkişafı və ekoloji balansın saxlanılması istiqamətində istər dövlət siyasətində, istərsə də qlobal miqyasda davamlı addımlar atılır. Bu inkişaf insan resursunun tələbatını tam ödəməli, həmçinin də ekoloji balansın saxlanılmasında rol oynamalıdır. Tələbatın ödənilməsi iqtisadi baxımdan günümüzün intensiv inkişafını üstələməli, maliyyə baxımdan az məsrəfli olmalıdır. Sürətlə artan dünya əhalisi, kənd təsərrüfatı üçün həyati əhəmiyyət kəsb edən elementlərin, xüsusən də su ehtiyatlarının məhdudluğu kənd təsərrüfatında yeni axtarışlarla birlikdə gətirir. Az məsrəfli, yüksək məhsul verən, dekorativ, eyni zamanda qida və sənaye əhəmiyyətli növlərin becərilməsi qarşıda qoyulmuş əsas məqsədlərdəndir.
“Azərbaycan Respublikasının Hirkan Milli Parkının Dendroloji və Dendroxronoloji Tədqiqatı” adlı tezisdə isə Hirkan florasının meşə ekosistemlərində dominantlıq təşkil edən edifikator növlərin təyin edilməsi üçün görülən işlərdən bəhs edilir. Qeyd olunur ki, Azərbaycan Respublikasının təbiət muzeyi olan Hirkan Milli Parkına elmi ezamiyyətlər təşkil olunub, ərazidə müşahidələr, dendroxronoloji tədqiqatlar aparılıb, yaşlı nüsxələrdən nümunələr götürülüb. Bildirilir ki, Hirkan Milli Parkında aparılmış monitorinqlər nəticəsində dəniz səviyyəsindən 500-600 m yüksəklikdə Parrotia C.A.Mey. növünün seyrəlməsi, aşağı yarusun əsas komponentlərinin Quercus castaneifolia C.A.Mey və Carpinus caucasica növlərinin olması müşahidə edilib. Bununla yanaşı, ərazilərdə Pterocarya Kunth, Alnus subcordata C.A.Mey, Alnus barbata C.A.Mey və tək-tək Ulmus L. cinsinə aid olan müxtəlif növlərə də rast gəlinib. Tədqiqat işində müasir avadanlıq və TSAPwin proqramına əsasən növə daha çox təsir edən əsas iqlim amillərinin orta və illik göstəriciləri, mərkəzi meteoroloji stansiyaların məlumatları ilə növün göstəriciləri müqayisəli təhlil edilib, əsaslandırılıb və diaqramlar qurulub. Bildirilir ki, tədqiqat zamanı ekosistemlər qiymətləndirilib, yaşlı və azsaylı növlərin dendroxronoloji təhlili aparılaraq və bu növlər üçün gələcək proqnozlar verilib.