"Yaşıl dünya gənclərin gözü ilə" mövzusunda tədbir keçirilib
14 iyun 2024-cü il tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsi, Xəzər Gənclər Evi və “Dendrologiya Bağı” Publik Hüquqi Şəxsin (PHŞ) birgə təşkilatçılığı ilə “2024-cü il Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində "Yaşıl dünya gənclərin gözü ilə" mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xəzər rayonu üzrə gənclər və idman sektorunun müdiri Gündüz Vəliyev tədbirin keçirilməsində məqsədin diqqəti ekoloji problemlərə çəkmək olduğunu bildirib.
Qeyd olunub ki, gənc nəsil müstəqillik illərində Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir.
“Dendrologiya Bağı” PHŞ-in şöbə müdiri Rəsmiyyə Əfəndiyeva çıxışında dünyanı düşündürən ekoloji problemlərdən, Prezidentin gənclərə dəstəyindən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur regionlarında aparılan bərpa və quruculuq işlərindən danışıb.
Daha sonra “Dendrologiya Bağı” PHŞ-nin aparıcı mütəxəssisi Şəlalə Məmmədova "Yaşıl dünya və ekoloji qayğı" mövzusu ilə çıxış edib.
O, Dendrologiya bağında fəaliyyət göstərən “Dendroxronologiya” laboratoriyasının iş prinsipindən və illik halqalarda baş verən artım və azalmaların iqlim dəyişkənliklərini özündə əks etdirməsindən bəhs edib.
"Yaşıl gələcək üçün gənclərə dəstək" mövzusunda çıxış edən Nicat Yarov media kampaniyaları, təkrar emal haqqında məlumatlılığın artırılması, tullantıların idarə edilməsi, yaradıcı təkrar emal layihələri haqqında məlumat verib.
Sonda slayd ilə çıxış etmiş əməkdaşlara sertifikatlar təqdim edilib.