Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür

Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.

1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılıb. Azərbaycanda müasir ordu quruculuğuna isə ötən əsrin 70-ci illərindən başlanıb.

1969-cu ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməklə milli zabit kadrlarının hazırlanmasını hədəf seçib və bununla da Azərbaycanda ordu quruculuğunun əsası qoyulub. Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb açılıb.

Ölkədə peşəkar ordu quruculuğunun əsası isə 1993-cü ilin sonlarında qoyuldu. Azərbaycanda qeyri-qanuni silahlı birləşmələr ləğv edildi, vahid komandanlıq yaradıldı, hərc-mərcliyə son qoyuldu və nizami ordu formalaşdırıldı.

Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 22 mayda imzaladığı fərmanla Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpasında mühüm addım atılıb və 26 İyun - Silahlı Qüvvələr Günü elan olunub.

Keçmişi qələbələrlə zəngin olan Azərbaycan tarixində Silahlı Qüvvələrin yaradılması günü artıq dördüncü ildir ki Böyük Zəfərlə qeyd olunur.

2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızın azadlığı uğrunda başlatdığı əks-hücum əməliyyatları nəticəsində düşmən üzərində qələbə qazanıldı. Beləliklə, 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə Vətən Müharibəsi adı ilə yazıldı.

Azərbaycan əsgəri otuz ilə yaxın bir müddət ərzində düşmən tapdağı altında olan torpaqları işğaldan azad etməklə xalqa öz qanı və canı hesabına böyük qələbə yaşadıb.

Bu gün Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində güclü orduya çevrilib və beynəlxalq reytinqlərə görə dünyanın ən güclü 50 ordusunun siyahısına daxildir.

2023-cü il sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində düşmən ağ bayraq qaldıraraq təslim olub. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib.

Prezident İlham Əliyev 2023-cü ilin oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına səfər edib,  Əsgəran qalasında olub və orada Azərbaycan bayrağını qaldırıb. Həmin il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib.

Silahlı Qüvvələr Gününüz mübarək!

 

 

Şərhini yaz