Xəzər rayonunda “Ekoloji tarazlığın qorunması və bərpası” mövzusunda tədbir keçirilib
İyunun 27-də Xəzər rayon İcra Hakimiyyəti və “Dendrologiya bağı” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə Zirə Mədəniyyət Mərkəzinin Eko-parkında “Ekoloji tarazlığın qorunması və bərpası” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov son illər ölkədə ekoloji mühitin sağlamlaşdırılması istiqamətində aparılan işlərdən danışıb. Azərbaycanın qlobal iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdiyini vurğulayan Xəzər rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri Azərbaycanın “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsidir. Onun sözlərinə görə, müəyyən edilmiş həmin prioritetə uyğun olaraq, ətraf mühitin qorunması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində geniş işlər görülür.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, AMEA-nın müxbir üzvü, BDU-nun professoru Elşad Qurbanov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, AR ETN Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva, Bitki mühafizəsi və Texniki bitkilər İnstitutunun Abşeron Təcrübə Stansiyasının direktoru, b.e.d. Cəbrayıl Ağayev, BŞİH-ti başçısının tabeliyində “Mərkəzi Nəbatat Bağı” phş-in dosenti Həsən Babayev və digər elm adamları Azərbaycanda ətraf mühitin sağlamlaşdırılması, iqlim dəyişmələri ilə mübarizə istiqamətində görülən tədbirlərdən, Qarabağ və Şərqi Zəngəzurda addım-addım aparılan bərpa-quruculuq işlərindən, qlobal istiləşmənin yaratdığı fəsadlardan, ətraf mühitin sağlamlaşdırılması, ərzaq və bioloji təhlükəsizliyin təmin olunması, süni intellektə əsaslanan texnoloji iqtisadiyyatın, yaşıl enerjiyə keçid istiqamətində atılan addımların zəruriliyindən, müvafiq elmlərin inkişaf perspektivləri ilə bağlı Prezident İlham Əliyevin verdiyi sərəncam və fərmanlardan, dəyərli tövsiyə və tapşırıqlarından bəhs edilib.
Diqqəti payızda Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a çəkən Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova bildirib ki, bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın yaşıl enerjiyə keçid istiqamətində atdığı addımlara verilən qiymətin təzahürüdür.
“Ölkəmiz milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə böyük töhfələr verir. Ekoloji durumun daim sağlamlaşdırılması və təbii sərvətlərdən səmərəli istifadə edilməsi Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısının sosial-iqtisadi sahələrdə müəyyən olunmuş məqsədyönlü və uğurlu siyasəti ölkəmizə böyük uğurlar qazandırır. Həmçinin ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ekoloji vəziyyətin yaxşılaşdırılması, təbiətin, ətraf mühitin qorunması, iqlim dəyişikliyi ilə bağlı fəsadların qarşısının alınması və ətraf mühiti çirkləndirən amillərə qarşı ciddi mübarizənin təşkilində gördüyü işlər tədqirəlayiqdir. Dövlət qurumlarının və Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən yaşıllaşdırma aksiyalarına on minlərlə insanın qatılması Azərbaycan ictimaiyyətinin prezidentin çağırışlarına həssas yanaşmasını göstərir”- deyə, Samirə Bağırova bildirib.
“Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir”-deyən Samirə Bağırova işğaldan azad olunmuş bölgələrdə aparılan tikinti-quruculuq və bəpra işlərinin yaşıl texnologiyalara əsaslandığını vurğulayıb.
O, Azərbaycan alimlərinin, ictimaiyyətin prezidentin çağırışlarına dəstək verdiyini və ətraf mühitin sağlamlaşdırılmasına töhfə verdiyini xatırladıb: “Dendrologiya bağı” phş dəfələrlə Bakı şəhəri və ümumilikdə Abşeron yarımadasında keçirilən ağacəkmə aksiyalarında iştirak edib, ətraf mühitin qorunması və sağlamlaşdırılması, su resurslarının qorunmasına yönəlik ekoloji maarifləndirmə xarakterli təşviqat işlərini davam etdiririk. Bütün bunlarda məqsəd gənc nəsildə ekoloji tərbiyənin formalaşmasına təkan vermək və Ulu Öndər Heydər Əliyevin ekoloji siyasətini layiqincə davam etdirməkdir”.