Dendrologiya bağı ərazisində quraqlığadavamlı 6 növ qazon toxumu üzərində tədqiqatlar aparılır
Qlobal iqlim dəyişikliyinin yaratdığı fəsadlardan biri də quraqlıq və şoranlaşma problemidir. Bu səbəbdən dünyada və respublikamızda da yaşıllaşdırmada suya az tələbkar bitkilərə üstünlük verilir. “Dendrologiya bağı” publik hüquqi şəxsin “Meşə ekosistemləri” laboratoriyasının əməkdaşları da yaşıllaşdırmada geniş istifadə edilən, ekoloji dəyişikliklərə davamlı, az tələbkar qazon bitkiləri üzərində tədqiqat işləri həyata keçirilir.
Türkiyənin Iğdır ərazisindən gətirilmiş 6 növ qazon toxumu (Lolium perenne, festuca rubra rubra, festuca arundinacea, festuca rubra trichophylla, festuca rubra commutata, pao pratensis) bağın təcrübə sahələrində əkilərək üzərində müşahidələr aparılır.
Toxumları zərif, uzunsov formalı olub, sarı-açıq qəhvəyi rənglərdədir. 1000 ədəd toxumun çəkisi 20-25 qr təşkil edir. Səpin işi üçün 2 m² əraziyə 0,5 kq toxum səpini 1:1 ə nisbətində qarışıq halına gətirilərək həyata keçirilib.
3-5 gün ərzində toxumlar ilkin cücərti vermiş, 2 həftə ərzində isə 6-7 sm boy artımı müşahidə edilmişdir. Cücərtilərin miqdarı dəyişkənlik göstərsə də əsasən 70-80% arasında dəyişmişdir.
Xüsusi qulluq tələb etməyən bu toxumlar Abşeron yarımadasının iqliminə davamlıdır, müntəzəm suvarıldığı halda yüksək cücərti verirlər. Toxumların xüsusi əkin mövsümü mövcud olmasa da, yaz və payız aylarında səpini daha məqsədəuyğundur.
Bağ və parklarda, idman meydançalarında istifadə olunan bu qazon toxumlarının ekoloji davamlılığı üzərində eksperimentlər davam etdirilir.