Azərbaycanda milli mətbuatın yaranmasından 149 il ötür

Bu gün Azərbaycanda milli mətbuatın yaranması günüdür.

1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.

“Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoyub. Cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası olub, Azərbaycan jurnalistikasının bayraqdarına çevrilib.

Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirib. Bu mətbuat orqanlarının əsas hədəfi cəhalətə, haqsızlığa qarşı mübarizə, maarifləndirmə idi. Zəngin və şərəfli yolla addımlayan Azərbaycan mətbuatı bir neçə mərhələdən keçib. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyulub.

1990-cı illərin II yarısından başlayaraq Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələ həm də Azərbaycan dövlətçiliyi, demokratik dövlət quruculuğu dövrüdür.

Ölkədə söz və mətbuat azadlığına, KİV-lərə ən yüksək səviyyədə diqqət və qayğı var. Prezident İlham Əliyev azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq məqsədilə mühüm sərəncamlar imzalayıb.

2020-ci ilin sentyabrın 27-də başladılan 44 günlük Vətən müharibəsində Azərbaycan döyüş meydanında olduğu kimi, informasiya savaşında da qələbə qazanıb.

Bayramınız mübarək, əziz jurnalistlər! Qələminiz iti, sözünüz kəskin olsun!

 

 

Şərhini yaz