Dendrologiya bağında əsaslı quruculuq işləri sürətlə davam edir
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” publik hüquqi şəxsin (PHŞ) ərazisində genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir.
Ümumi sahəsi 12 hektar olan Mərdəkan qəsəbəsindəki Dendrologiya bağında 600-dək bitki növü var və onun 363 növü ağac, 106 növü oranjereya, 34 növdən çoxu ot bitkiləri, 53 növü isə müxtəlif güllərdən ibarətdir.
Bağın kolleksiya sahələrində Azərbaycanın “Qırmızı kitabı”na salınmış 141 növ ağac və kol bitkilərindən bir çox növü mühafizə edilir. Ərazinin 8 hektarında yerləşən kolleksiya sahələrini landşaft memarlığının nümunəsi kimi milli sərvət hesab etmək olar.
“Dendrologiya Bağı” publik hüquqi şəxsin (PHŞ) İdarə Heyətinin sədr müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırovanın rəhbərliyi ilə keçirilən müzakirələrdə müəssisənin elmi potensialının gücləndirilməsi və işçi heyətinin fəaliyyətinin təkmilləşdirilməsi prioritet məsələ kimi ön plana çəkilib.
Bitki ehtiyatları bazasının zənginləşdirilməsi məqsədilə Dendrologiya bağının təcrübə sahələrinə ölkə ərazisində bitən və kənardan gətirilən ayrı-ayrı torpaq və iqlim xüsusiyyətlərinə malik (Elaeagnus x ebbingei 'Gilt Edge', Kniphofia uvaria “Poco yellow”, Photinia glabra Maxim., Callistemon speciosus Sweet., Photinia fraseri “Red Robin” Pyramidalis, Pennisetum x advena “Rubrum”, Berberis thunbergii DC., Nerium oleander “Little Red”, Pennisetum villosum R.Br., Berberis thunbergii “Aurea”, Pyracantha crenulata M.Roem., Lagerstroemia indica x fauriei, Miscanthus sinensis “Variegatus”, Rosmarinus officinalis 'Prostratus', Kniphofia uvaria “Red hot poker”, Cupressus leylandii “Gold rider spiral”, Abelia × grandiflora Rehder., Pittosporum tobira W.T.Aiton., Lagerstroemia indica L.) yeni bəzək, dərman , efiryağlı və digər bitki nümunələri əkilmişdir və bu istiqamətdə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır.