Paytaxtın "yaşıl ada"sı

                                             Sirli quyu, neft milyonçusundan qalan ev, 10 mindən çox bitki...

 

COP29 ərəfəsində paytaxt Bakıda abadlıq işləri böyük vüsət alıb. Görülən geniş yaşıllaşdırma işləri həm də paytaxtın "yaşıl ünvan"larının sayını artırmaqdadır. 
Artıq Bakının hər tərəfində, xüsusən yaşayış massivləri ərazilərində sakinlərin istirahəti, asudə vaxtlarını səmərəli keçirməsi üçün yeni parklar salınır, əvvəlkilər isə bərpa olunaraq müasirləşən Bakıya uyğun yeni görkəm alır.

Belə məkanlardan biri də Xəzər rayonunun Mərdəkan qəsəbəsində şəhərdən 40 kilometr, dəniz sahilindən isə 3,2 kilometr məsafədə yerləşən və Bakının "yaşıl ünvan"larından sayılan 12 hektara yaxın əraziyə malik Dendrologiya Bağıdır... 
1895-1920-ci illərdə neft milyonçusu, xeyriyyəçi Murtuza Muxtarovun şəxsi bağı olan bu ərazi 1925-ci ildə dövlət mülkiyyətinə keçərək müxtəlif illərdə Ümumittifaq Tətbiqi Botanika İnstitutunun təcrübə bazası, Ümumittifaq Bitkiçilik İnstitutu, Subtropik bitkilərin təcrübə stansiyası, E.T.Bağçılıq, Üzümçülük və Subtropik bitkilər İnstitutunun təcrübə bazası kimi və Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərib.

1966-1996-cı illərdə Azərbaycan Elmlər Akademiyası Nəbatat İnstitutunun elmi strukturuna daxil edilib. 1996-cı ildən isə Mərdəkan Dendrarisi Biologiya Elmləri bölməsinə tabe edilərək hüquqi status qazanıb. 2014-cü ildən Dendrologiya İnstitutu adına layiq görülən müəssisə Nazirlər Kabinetinin 7 yanvar 2022-ci il tarixli qərarı ilə "Dendrologiya Bağı" Publik Hüquqi Şəxsə çevrilib.  
Hazırda bağda böyük bərpa-quruculuq işləri həyata keçrilir. Biz də yolumuzu oradan salıb yenilənən, müasirləşən bu məkanla yaxından tanış olduq. 

700-dən artıq növü əhatə edən 10 mindən çox bitki 

Bağa daxil olanda ərazidə böyük bərpa-quruculuq işlərinin getdiyinin şahidi olduq. Əsaslı təmir-bərpa işləri Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində həyata keçirilir.
Ərazini gəzərkən görülən işlər haqqında bizə məlumat verən Dendrologiya Bağının İdarə Heyətinin sədr müavini, sədr vəzifəsini müvəqqəti icra edən Samirə Bağırova qeyd edir ki, bağın ərazisində 2022-ci ildən tikinti-bərpa, abadlıq işlərinə başlanılıb.

Ərazidə olan Murtuza Muxtarovun, Sergey Yeseninin ev-muzeyləri, 4 qədim quyu, oranjereya və hovuzlar bərpa olunur. 
Ərazidə əvvəlkindən fərqli olaraq yeni piyada yollarının çəkildiyinin də şahidi oluruq. Sədr müavini deyir ki, yeni yollar ziyarətçilərin gediş-gəlişinin rahatlığını təmin edəcək: "Aparılan tikinti-bərpa işləri bitkilərə zərər yetirmədən həyata keçirilir.

Hazırda Dendrologiya Bağında 700-dən çox növü əhatə edən 10 mindən çox bitki var. Onların arasında nadir, nəsli kəsilməkdə olan ağac, oranjereya, ot, güllər var. Bağ elmi-tədqiqat institutudur, eyni zamanda respublikamızda bitki genefondunun artırılması, qorunması işini həyata keçirir".

S.Bağırova qeyd edir ki, dünyanın bir çox ölkəsindən gətirilən ağac və kol bitkilərinin bioloji xüsusiyyətlərini öyrənməklə yanaşı, quru subtropik iqlimə malik olan Abşeron yarımadasına uyğunlaşdırılması, introduksiyası və floranın zənginləşməsində onlardan istifadə başlıca məsələlərdir.
Eyni zamanda Dendrologiya Bağında yaşlı ağacları kəsmədən, onlara heç bir zərər yetirmədən müvafiq laboratoriyada bu bitkilərin yaşı müəyyən edilir. S.Bağırovanın sözlərinə görə, hazırda respublikada olan bütün yaşlı ağacların elektron bazasının yaradılması istiqamətində də işlər gedir.

Bağda yaşı 130-dan çox olan Eldar şamı, 170 yaşlı Hələb şamı ağacları var. Ehtimal olunur ki, bu ağaclar Murtuza Muxtarovun zamanında bağ salınarkən əkilib.

Ziyarətçilər üçün piknik əraziləri də yaradılacaq

Bağın ərazisini gəzdikcə yeni bitkilərin əkildiyini də müşahidə etdik. Yaşıllaşdırma işləri ilə əlaqədar bağa yeni növ bitkilər gətirilib və bu proses tikinti işləri başa çatdıqdan sonra daha da genişləndiriləcək. 
Eyni zamanda bağın xarici ölkələrin botanika bağları ilə əməkdaşlığı sayəsində bitki toxumları gətirilərək oranjereyada əkilir, onların mühitə uyğunluğu təmin olunduqdan sonra açıq əraziyə köçürülür. Hazırda bağda yeni oranjereyalar da tikilir.

Bağ ərazisində qəzalı vəziyyətdə olan üçmərtəbəli inzibati binada təmir işlərinin qısa vaxtda yekunlaşacağı gözlənilir. İstixanalar da yeniləri ilə əvəzlənəcək. Bu istiqamətdə də işlər sürətlə davam edir. 
Giriş hissədə yeni fəvvarənin yaradılması, ərazidəki dairəvi və dördbucaqlı su hovuzlarının əsaslı təmiri və bərpası, ərazi boyunca uzanan hasarın yenidənqurulması işləri aparılır. Həmçinin bağın bütün ərazisinin abadlaşdırılması, müasir işıqlandırma sisteminin quraşdırılması, piyada yollarının çəkilməsi işləri də davam etdirilir.

Təbii ki, yaşıllıq, təmiz havaya malik ərazidə istirahət edəcək balacalar da unudulmayıb. Bağda inzibati binanın yaxınlığında uşaq əyləncə meydançası da salınır. Söhbətgahlar və ziyarətçilər üçün piknik əraziləri də yaradılacaq.
Ümumilikdə bağda tikinti-bərpa işlərinin ilin sonunda, Murtuza Muxtarovun ev-muzeyinin restavrasiyasının isə növbəti il bitəcəyi gözlənilir.

Dərin quyudan ayrılan sirli  yollar

Hər bir yerli turist üçün cəlbedici olan bu ərazinin müasirliyi, şəraitinin yüksək səviyyədə olması ilə yanaşı, həm də keçmişlə vəhdət təşkil etməsi diqqət çəkir. Dendroloji bağda da tarixiliyin qorunub saxlanılması əsas vəzifələrdəndir. 
Belə ki, bağın əsasını qoyan mesenat Murtuza Muxtarovun evinin muzey kimi fəaliyyəti Dendrologiya Bağını daha da xüsusiləşdirir. Hazırda evdə restavrasiya işləri davam edir.

Eyni zamanda M.Muxtarovun bağ ərazisində qazdırdığı quyular və xanımı üçün tikdirdiyi hovuz da bərpa olunub, hazırda müəyyən tamamlanma işləri görülür. Hovuzu aşağıdan görmək mümkün deyil. Böyük qalaya bənzəyən hovuzu görmək üçün pilləkənlərlə yuxarı qalxmaq lazımdır.
Bağda tarixi bəlli olmayan 4 quyu var ki, onlar da restavrasiya üçün hasarlandığından yaxınına gedə bilmədik. Onlardan ən maraqlısı isə dərinliyi 30 metrə qədər olan və içindən müxtəlif istiqamətlərə yollar ayrılan sirli quyudur.

Amma bu qaranlıq yolların harada sonlandığı barədə hələ də dəqiq məlumat yoxdur. Deyilənlərə görə, yolun biri Şəmsi Əsədullayevin yaxınlıqda yerləşən bağ evinə, digəri M.Muxtarovun xanımı üçün tikdirdiyi evə, başqa birisi isə Xəzər dənizinə qədər uzanırmış. Sahibkarın evinin yaxınlığında yerləşən digər quyudan isə sərinlik baxımından məhsulların saxlanılması üçün istifadə olunurmuş.
Onu da bildirək ki, hazırda quyularda su var, hətta bağın suvarılmasında istifadə olunur. 
Bağın ərazisində yerləşən rus şairi Sergey Yeseninin ev-muzeyi də bərpa olunur. Muzey 1975-ci ildə Yeseninin anadan olmasının 80 illiyi münasibətilə fəaliyyətə başlayıb. 
Bağda ayrılmış xüsusi ərazidə heyvanlara da rast gəldik. Müxtəlif növ heyvanlar bu yaşıllığa xüsusi gözəllik qatmaqla turistlərin də marağına səbəb olacaq.  

Dendrologiya Bağında görülən işlər Bakının "yaşıl ünvan"larından birinə çevrilməsi ilə yanaşı, COP29-a hazırlığa da mühüm töhfədir. 
Bizim isə bol oksigen qəbul edərək şəhərin səs-küyündən kənarda keçirdiyimiz vaxtımız başa çatır. Bakının növbəti "yaşıl ünvanı" ilə görüşmək ümidi ilə Dendrologiya Bağından ayrılırıq...

Əsmər QARDAŞXANOVA,
İlham BABAYEV (foto),
"Azərbaycan"

Şərhini yaz