Ermənistanın Azərbaycana qarşı ekoloji terroru Ağalıda müzakirə edilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə avqust ayının 12-də “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi (EMİB) Zəngilan rayonunda “Oxçuçayda ekoloji fəlakət” adlı ictimai müzakirə keçirib.
İctimai müzakirədə Zəngilan rayon ictimaiyyətinin nümayəndələri, müəllimlər, ictimai fəallar, könüllü təbiətsevərlər iştirak ediblər.
“Dendrologiya bağı” PHŞ-nin əməkdaşı, “Yaşıl Dünya” EMİB sədri Elman Cəfərli layihə haqqında məlumat verərək bildirib ki, Qarabağ münaqişəsi başlayandan keçən son 30 ildə Ermənistan işğal edilmiş ərazilərimiz də daxil olmaqla, Respublikamızın təbii resurslarını kortəbii şəkildə istismar edib, nəticədə ekoloji tarazlıq pozulub: “Son 30 ildə Zəngilanda, Cəbrayılda, Ağdamda qiymətli ağaclarla zəngin meşələr qırılıb.
Ağdam rayonunun ümumi meşə sahəsi təxminən 4 min 743 hektar olmuşdusa, onun təxminən 26 faizi məhv edilib, 100 hektardan çox püstə meşələri vandal hücumuna məruz qalıb. Laçın rayonunun Kamallı kəndi ərazisində 100 illik tarixə malik olan 30 hektara yaxın aqromeşə məhv edilib.
Hal-hazırda orada cəmi 1-2 ağac qalıb. Cəbrayıl rayonu üzrə meşələrdə kollar, ot bitkilərinin 90 faizi tamamilə məhv olaraq, ərazidə yarımsəhra vəziyyəti yaranıb. Ümumilikdə işğal dönəmində Xankəndi üzrə 11,6 %, Xocavənd üzrə 17 %- dən çox, Kəlbəcər üzrə 23%, Laçın üzrə 36%, Şuşa üzrə 36%, Tərtər üzrə 6%, Zəngilan üzrə 46%, Füzuli üzrə 2 %-ə yaxın, Qubadlıda 50 % meşə ərazisi məhv edilib”.
E.Cəfərli Oxçuçayın daha çox ekoloji çirklənməyə məruz qaldığını vurğulayıb: “Oxçuçayın hövzəsi Ermənistan ərazisindəki Qacaran mis-molibden zavodu və Qafan mis filiz saflaşdırma kombinatının toksiki tullantıları ilə çirkləndirilir. 2020-ci ilin dekabrından transsərhəd çaylarından götürülən 158 su nümunəsi, 180 dib çöküntüsü nümunələrinin təhlilləri göstərib ki, çirkləndiricilər normadan yüksəkdir”.
“Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova isə çıxışında bildirib ki, Ermənistanın transsərhəd çaylarına qarşı ekoloji terroru 2000-ci ildən etibarən intensivləşib.
"Həmin il dünya bazarında mis, qızıl və digər qiymətli metallara tələbatın artması Ermənistanda mədən sənayesinin inkişafına zəmin yaradıb.
Ermənistan öz iqtisadi maraqlarını öndə tutaraq regionun ekosistemini təhlükə altına atan dağ-mədən sənayesinin inkişafına sərmayə qoyuluşunu artırıb. Ermənistan transsərhəd çaylarını çirkləndirməklə bütövlükdə Cənubi Qafqazın ekosisteminə zərbə vurur və bunu beynəlxalq konvensiyaları pozaraq həyata keçirir”-deyə, o, bildirib.
İ.Həsənova bildirib ki, Ermənistan bu ekoloji cinayətləri törətməklə, təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ kimi tanıyan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin tamamilə əleyhinə çıxış edir:
"Bundan başqa Azərbaycan tərəfinin razılığı olmadan sərhəddə hər hansı dağ mədən sənayesi müəssisəsinin tikintisi transsərhəd kontekstlərdə ətraf mühitə təsirin qiymətləndirilməsini nəzərdə tutan, 1991-ci ildə qəbul olunmuş Espo Konvensiyasının kobud şəkildə pozulması deməkdir”.