Bu gün Laçın Şəhəri Günüdür
Laçın şəhəri günü Prezident İlham Əliyevin ötən ilin iyulunda imzaladığı Sərəncama uyğun olaraq hər il 26 avqust tarixində təntənəli şəkildə qeyd edilir. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində 2022-ci ilin avqustun 26-da yerləşməsi ilə əlaqədardır.
Ordu korpusunun komandiri, general-mayor Kənan Seyidov Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi ilə bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə məruzə edib. Beləliklə, avqustun 26-da Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.
Artıq iki ildir ki, Laçın şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı dalğalanır.
Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapıb - Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qalıb və bununla da tarixi ədalət bərpa olunub. Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatandan sonra Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanata əsasən, Laçın rayonu 2020-ci ilin dekabrın 1-də təhvil verilib.
30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilib, mədəni irsimizə böyük zərbə vurulub, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalıb.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.
Məcburi köçkünlərin doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılıb. Artıq Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı istiqamətində işlər davam etdirilir. Laçın şəhəri ilə yanaşı Zabux və Susda da yenidənqurma və bərpa işləri aparılır.