"Dendrologiya Bağı” PHŞ-nin əməkdaşları tərəfindən bir çox iynəyarpaqlı növlərdə müşahidə edilən quruma hallarının səbəbini araşdırmaq məqsədilə monitorinqlər aparılıb
Azərbaycanda, xüsusilə də Bakı şəhəri və Abşeron yarımadasında son üç ildə iynəyarpaqlı ağaclarda kütləvi quruma halları müşahidə edilir. Bu hal Mərdəkan qəsəbəsində yaşıllaşdırmada geniş istifadə olunan bir çox iynəyarpaqlı ağaclarda da vizual olaraq nəzərə çarpır.
Bu məqsədlə, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” publik hüquqi şəxsin (PHŞ) mütəxəssisləri tərəfindən daxil olan rəsmi müraciətlərə əsasən Xəzər rayonunun Mərdəkan qəsəbəsinin bir sıra ərazilərində - Sergey Yesenin küçəsi 92/1, 92/2, Səyahəddin Dadaşov küçəsi 8, H.Z.Tağıyev küçəsi, Kolxoz küçəsi, Xəzri küçəsi və Sergey Yesenin küçəsi 89 ünvanlarında müasir avadanlıqların köməkliyi ilə ağacların quruma səbəbləri araşdırılmış, monitorinqlər həyata keçirilmişdir.
Monitorinqlər nəticəsində qurumuş və qurumaq üzrə olan ağaclar qeydə alınmışdır. Ərazinin tədqiqi zamanı məlum olmuşdur ki, son illərdə iqlim dəyişkənlikləri, yüksək temperatur rejimi, qurunt sularının səviyyəsinin enməsi, avtomobil çirkləndiriciləri və radiasiya fonunun yüksək olması, eləcə də bitkilərin quraqlıq stresi yaşaması, zərərvericilərin kəskin vüsət alması quruma səbəbinin əsas göstəricilərindəndir.
Quraqlıq stresi ağacların müxtəlif zərərvericilərə yoluxmağına səbəb olur. Qətran ifraz edən iynəyarpaqlılar zədələndikdən sonra həyati qabiliyyəti zəiflədikdə maddələr mübadiləsi pozulur. Zədələnmiş ağacların qətran ifraz etmək qabiliyyəti aşağı düşür, oduncağa qabıqyeyən böcəklər, zərərverici və xəstəliktörədicilər daxil olur, ağacda quruma prosesi başlayır. Düzgün aqrotexniki qulluq edilməməsi - zəif suvarma və az gübrələmə səbəbindən bu kütləvi xarakter alır.
Tədqiqatlar zamanı, “Dendrologiya Bağı” PHŞ-nin əməkdaşları tərəfindən kimyəvi analizlərin aparılması məqsədi ilə Kolxoz küçəsində yerləşən “Dördkünc qala”nın ərazisindən (40º29'31.34"N; 50º08'27.41"E) müxtəlif dərinliklərdən 1,5 kq torpaq nümunəsi, Sergey Yesenin küçəsi 89 (40º29'21.78"N; 50º09'01.77"E) ünvanından su nümunələri götürülmüşdür. Həmçinin, növlərin yaşının, illər üzrə inkişaf dinamikasının, iqlim dəyişkənliyinin təsirinə məruz qalma dərəcələrinin öyrənilməsi məqsədilə dendroxronoloji tədqiqatlar aparılmışdır.
Ərazidə qurumuş və qurumaq üzrə olan Pinus eldarica Medw. növünün - gövdə diametri 112 sm, 125 sm, 136 sm, 145 sm və 170 sm olan nüsxələrindən Suunto burğusu vasitəsi ilə şaquli sahəyə perpendikulyar olaraq dendroxronoloji nümunələr götürülmüşdür. Hazırda tədqiqat işləri mütəxəssislər tərəfindən laboratoriya şəraitində davam etdirilir.
Mərdəkan qəsəbəsinin Xəzər sahilinə yaxınlığı, qədim tarixi memarlıq abidələrinin çoxluğu bu ərazini turistik zona edir.
Sadalanan ərazilərdə aparılan araşdırmalar və monitorinqlər zamanı, qurumaqda olan növlərin budanması, ərazidə insan sağlamlığı üçün potensial təhlükə mənbəyi olan qurumuş ağacların Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yaşıllıqların götürülməsi qaydası nəzərə alınmaqla və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi əsasında uzaqlaşdırılması, onların daha davamlı, perspektivli, dekorativ bitki növləri ilə əvəzlənməsi məqsədəuyğun hesab edilmişdir.