“Dendrologiya bağı”nda efir yağı ilə zəngin qida, sənaye və dərman əhəmiyyətli növlərin tədqiqi davam etdirilir
"Təsərrüfat əhəmiyyətli bitkilər" laboratoriyasının əməkdaşları efir yağı ilə zəngin qida, sənaye və dərman əhəmiyyətli növlərin tədqiqi və Abşeron yarımadasında yeni sortların iqlimləşdirilməsi, onlardan efir yağının alınması üzrə tədqiqat işlərini həyata keçirirlər.
Mütəxəssislər Citrus reticulata Blanco. (naringi karlik tezyetişən), Citrus x pyriformis (Limon panderosa), Citrus Limon L.Osbeck. ( yerli limon), Citrus x meyeri Yu. Tanaka. (meyer limon) limon və naringi, Melissa officinalis L (Dərman Bədrənci), Lavandula angustifolia Mill. (Əsl Lavanda) növləri üzərində tədqiqat işlərini davam etdirirlər.
Növlər iyul ayında açıq şəraitdə dibçəklərə əkilmiş, üzərində fenoloji müşahidələr aparılmışdır. Bitkilərdə yeni yarpaqların əmələ gəldiyi müşahidə edilmişdir. Tədqiqat obyekti olan Citrus L. (Limon.) üzərində 20 çiçəkdən 9-u meyvə vermişdir.
Aprel ayının ilk on günlüyündə açıq sahəyə 1-1.5 sm dərinlikdə əkilmiş Melissa officinalis L. (dərman bədrənci) toxumlarından ilk cücərtilər alınmışdır. Cücərmə 70-80% olmuşdur. Müəyyən olunmuşdur ki, toxumların cücərməsi üçün 10-14 °C optimal temperatur lazımdır.
Lavandula angustifolia Mill. (əsl lavanda) növü açıq sahədə ara məsafəsi 5-10 sm olmaqla, 3-4 sm dərinlikdə çiliklə basdırılmışdır. Yazda çiliklərdən əmələ gəlmiş cücərtilərin hündürlüyü 5 sm olmuşdur.
Tədqiq olunan növlərə mütəmadi olaraq agrotexniki qulluq edilir. Növlərin morfoloji, fizioloji xüsusiyyətləri öyrənilir, inkişaf dinamikası izlənilir.