“Dendrologiya Bağı” publik hüquqi şəxsin əməkdaşı təlimdə iştirak edib
12-13 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Buta Aqro və Bio-texnologiya MMC-nin birgə təşkilatçılığı ilə “Meyvəçilik və tərəvəzçilikdə zərərli orqanizmlərə qarşı inteqrir mübarizə üsulları (İPM)” adlı təlim keçirilib. Təlimdə “Dendrologiya Bağı” publik hüquqi şəxsin (PHŞ)"Ekologiya və iqlimləşdirmə" laboratoriyasının müdiri Leyla Atayeva da iştirak edib.
Təlimçilər Şövqi Lələşov, Sergey Tertıçnıy, Denis Morozov, Vladimir Pismençuk tumlu meyvələrdə İPM, kimyəvi pestisidlərdən istifadə etmədən zərərli orqanizmlərə qarşı mübarizə, istixana ağqanadlısına və gənələrə qarşı bioloji mübarizə üsulları haqqında iştirakçılara məlumatlar veriblər.
Təlimdə Azərbaycanda, xüsusilə də Abşeron yarımadasında yayılmış xəstəliklər haqqında ətraflı müzakirələr aparılıb.
Təlimin ikinci günü “Buta Aqro” istixana kompleksində praktiki məşğələlər keçilib.
Təlimi müvəffəqiyyətlə başa vurmuş iştirakçılara sertifikatlar təqdim edilib.