Prezident İlham Əliyev “Xaqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq-yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev sentyabrın 14-də Bakının Səbail rayonunda yerləşən “Xaqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq-yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına bağda həyata keçirilən abadlıq-yenidənqurma işləri barədə məlumat verib.
Bildirilib ki, mövcud ərazisi 1,4 hektar olan “Xaqani” bağı genişləndirilib.
Qeyd edək ki, bu, dövlətimizin başçısının Bakı şəhərində parkların, xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən abadlaşdırılan növbəti istirahət guşələrindən biridir.
Şəhərin mərkəzində yerləşən bağda sakinlərin istirahəti üçün qısa müddətdə gözəl şərait yaradılıb.
Xatırladaq ki, paytaxtımızda ən müasir parklar və yeni yaşıllıq zolaqları salınır, Bakının qədim tarixi memarlıq nümunələri bərpa edilir və müasir binalar tikilib istifadəyə verilir.
Bu işlərin hamısı şəhərə daha çox gözəllik və koloritlik verir, məhz bunun sayəsində Azərbaycan paytaxtı insanların asudə vaxt keçirməsi üçün rahat məkana çevrilir.
Yeni parkların salınması və mövcud olanların yenidən qurulması, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbirlər də, ətraf mühitin sağlamlaşdırılması işinə mühüm töhfə verir.