Gəncədə “Qlobal iqlim dəyişkənliyi şəraitində bitkilərin zərərverən orqanizmləri və onların idarə edilməsi” mövzusunda elmi-praktiki konfrans keçirilib
Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda COP 29-a dəstək məqsədilə “Qlobal iqlim dəyişkənliyi şəraitində bitkilərin zərərverən orqanizmləri və onların idarə edilməsi” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, professor İbrahim Cəfərov, elm xadimləri iştirak ediblər.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov dövlətimizin müvafiq Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xatırladıb və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçiriləcəyini qeyd edərək, belə bir mötəbər tədbirin Bakıda baş tutmasının qlobal ictimaiyyətin Azərbaycana yüksək etimadı ilə yanaşı, həm də respublikamızda bu sahədə aparılan mühüm xidmətlərlə bağlı olduğunu vurğulayıb.
Akademik İradə Hüseynova çıxışında elmi konfransda müzakirə olunan mövzuların əhəmiyyətindən danışıb.
Konfransda çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” PHŞ-nin İdarə Heyətinin sədr müavini, biologiya üzrə fəlsəfə doktoru dosent Samirə Bağırova bildirib ki, hazırda dünyada baş verən qlobal iqlim dəyişmələri fonunda yağıntıların azalması, havaların mövsümə uyğun keçməməsi və s. səbəblər bitkilərin vegetativ inkişafına mənfi təsir etməklə yanaşı, qeyri-əlverişli təbii amillərə daha çox davamlılıq qazanmış zərərli orqanizmlərin aktivləşməsinə, onların yayılma arealının və zərərvurma müddətinin uzanmasına və beləliklə də daha çox itkiyə səbəb olur:
“Bununla əlaqədar olaraq respublika ərazisində fitosanitar sabitliyin təmin edilməsi üçün kənd təsərrüfatı sahələri, meşə fondu və digər yaşıllıq zonalarında kompleks tədbirlər təşkil edilir, zərərli orqanizmlərin təbii bitki örtüyünə və mədəni əkinlərə vurduğu ziyanın və gələcəkdə bu səbəbdən yarana biləcək fitosanitar təhlükənin qarşısının alınması məqsədilə işlər görülür”.
Onun sözlərinə görə, əhalinin ərzaq və və tərəvəz məhsulları ilə davamlı təminatı təhlükəsizliyimizin tərkib hissəsidir: “Bu sahədə milli əkinçilik ənənələrinə əsaslanan yeni texnologiyaların yaradılması və tətbiqi günün aktual problemlərindəndir.
Belə ki nəzarətsiz gətirilən və reqlamentsiz tətbiq olunmuş bitkiçilik və bitki mühafizə vasitələri, həmçinin istehsala qeyri-peşəkar yanaşma əkin sahələrində zərər vuran xəstəlik və zərərvericilərin növ tərkibini dəyişmişdir”.
Konfransda “Dendrologiya bağı” publik hüquqi şəxsin nümayəndələri Aqil Qasımov, Cəmalə Ağayeva və Selcan Səfərəliyeva da iştirak edib.
Respublika elmi-praktik konfrans öz işini 24 sentyabr tarixi üçün nəzərdə tutulan 9 bölmə iclası ilə davam etdirib.