“Dendrologiya bağı”nın əməkdaşları ADA Universitetində keçirilən təlimdə iştirak edib
Sentyabrın 23-25 tarixlərində ADA Universitetində, ADA-nın İnkişaf və Diplomatiya İnstitutu və BMT-nin İnkişaf Proqramı ilə birgə təlimçilər üçün təlim keçirilib.
İqlim Dəyişikliyinə Uyğunlaşma istiqamətində əlaqəli qurumların bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin əməkdaşları Leyla Atayeva, Şəbnəm Əşrəfova, Aybəniz Hacıyeva, Gülşən Həsənova və Elman Cəfərli iştirak edib.
Qeyd edək ki, təlimlər “Azərbaycanda uyğunlaşmanın planlaşdırılması və həyata keçirilməsi üçün Milli Uyğunlaşma Planının (NAP) dəstək layihəsi” üzrə kənd təsərrüfatı, su ehtiyatlarının idarə edilməsi və layihələrin dizaynı sahəsini əhatə edib.
Qeyd olunan sahələr Azərbaycan hökumətinin NAP üzrə əhatə edəcəyi prioritet sahələrdəndir və bu təlimlər müvafiq sahədə çalışan texniki mütəxəssislərin prosesdə daha yaxşı iştirak etmələri üçün bacarıqların artırılması məqsədini güdür.
3 günlük seminarın sonuncu günündə iştirakçılar hazırladıqları təqdimatlarla çıxış ediblər.