Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür
Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub. Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.
Müstəqil Azərbaycan Respublikasında Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir. Ölkəmizdə bu günə dövlət səviyyəsində diqqət ayrılır. “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var.
Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifahının yaxşılaşdırılmasının qayğısına qalıb.
Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir.
Təhsil işçilərinin əməkhaqqının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar müəllim nüfuzunu daha da yüksəldib.
Bayramınız mübarək, əziz müəllimlər!