2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində "Yaşıl iqtisadiyyat və davamlı inkişaf" mövzusunda tədbir keçirilib
Oktyabrın 18-də Bakı şəhər 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində "Yaşıl iqtisadiyyat və davamlı inkişaf" mövzusunda tədbir keçirilib.
Tədbirdə “Dendrologiya bağı” publik hüquqi şəxsin əməkdaşı, “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli, “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova, “Dendrologiya Bağı” publik hüquqi şəxsin şöbə müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Aqil Qasımov iştirak ediblər.
“Yaşıl Dünya” EMİB sədri Elman Cəfərli dünya miqyasında qlobal iqlim dəyişikliyinin fəsadları ilə ciddi mübarizə aparıldığını bildirib. Onun sözlərinə görə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəfdar çıxmış 198 dövlət atmosferdə karbon emissiyasının azaldılması ilə bağlı nəhəng layihələrin icrasına başlayıb.
“İnsan fəaliyyətinin nəticəsində meydana gəlmiş qlobal istiləşmə böyük təbii fəlakətlərə yol açır. Daşqınlar, torpaq sürüşmələri, uqçunlar, zəlzələlər artıb. Torpaqlar şoranlaşır, meşələr məhv olur. Əhalinin artması, sənayeləşmə və şəhərlərin böyüməsi hava kirliliyini artırır. İndi dünyanı düşündürən əsas məsələ odur ki, gələcək nəsillərə yaşanması mümkün olan bir planet qoyub gedə biləcəyikmi”-deyə, E.Cəfərli bildirib.
“Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova şagirdlərə bu il ölkənizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası haqqında məlumat verib. O, bildirib ki, COP tədbirlərinin keçirilməsində məqsəd hava kirliyiliyinə qarşı mübarizə yollarını axtarıb tapmaq, yeni təşəbbüslərlə çıxış etmək, qabaqcıl təcrübələri təşviq etməkdir:
“Dünyada ekoloji çirklilik o həddə çatıb ki, artıq alimlər həyəcan siqnalı çalırlar. Yaşıl enerjiyə, yaşıl nəqliyyata keçid günümüzün əsas tələbidir. Bu gün yaşından, mövqeyindən asılı olmayaraq hər kəs ətraf mühitin mühafizəsi işinə, yaşıllıqların salınması aksiyalarına dəstək verməlidir”.
Ekoloq məktəbliləri ağacəkmə aksiyalarına qoşulmağa, canlı aləmə düşmən münasibət bəsləyən, ağacları kəsən, budaqları qıran, sahibsiz küçə heyvanlarına əziyyət verən insanlara qarşı mübarizə aparmağa çağırıb.
“Dendrologiya Bağı” publik hüquqi şəxsin şöbə müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Aqil Qasımov çıxışında bildirib ki, qlobal iqlim fəsadlarına qarşı mübarizə dövründə bioloji müxtəlifliyin qorunması vacib amillərdəndir.
A.Qasımov məktəbliləri canlı aləmə qayğı ilə yanaşmağa çağırıb: “Hər bir insan həyatı boyu 10-a qədər ağac əkməli, ona qulluq etməli, böyütməlidir. Unutmayın: Ağaclar nəfəsimizdir. Budaqları qırmayın, bunu edən yoldaşlarınıza mane olun.
Ağacəkmə aksiyalarına gedin, məişət tullantılarını hara gəldi atanlara irad tutun. Bu sizin vətəndaşlıq mövqeyiniz olmalıdır”.