"Bioloji müxtəlifliyin mühafizəsi: Botanika, Ekologiya və Yaşıl Şəhərlər” adlı forum keçirilib

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda COP 29 və “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə həsr olunmuş “Bioloji müxtəlifliyin mühafizəsi: Botanika, Ekologiya və Yaşıl Şəhərlər” adlı forum keçirilib.

Forum Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, "Mərkəzi Nəbatat Bağı" Publik Hüquqi Şəxs, “Dendrologiya Bağı” Publik Hüquqi Şəxs, Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirin açılış mərasimində bir sıra dövlət nümayəndələri, yerli və xarici alim və mütəxəssislər iştirak ediblər.

Tədbirdə çıxış edən Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva qonaqları və iştirakçıları salamlayıb. Professor çıxışını ölkə başçısı cənab İlham Əliyevin nitqi ilə başlayaraq “Bakıdakı COP üçün seçdiyimiz “Yaşıl dünya naminə həmrəy olaq” şüarı bizim COP29 missiyamızın ruhunu əks etdirir.

Hamımız birlikdə bu vəziyyətlə üzləşdiyimiz üçün bütün ölkələri planetimizi xilas etmək naminə həmrəylik nümayiş etdirməyə çağırıram. Bu məqsədə çatmaq üçün bizə siyasi iradə və Azərbaycanın daim müdafiə etdiyi çoxtərəflilik lazımdır” deyə söylədiyi fikirləri səsləndirib.

O, Azərbaycanda keçirilən COP 29 çərçivəsində “Müharibə gedən ölkələrdə ekosistemlərə dəyən ziyanın qiymətləndirilməsi və bərpası ittifaqı”nın yaradılması təklifini irəli sürülməsinin məqsədə uyğun olduğunu qeyd edib.

Sözü gedən ittifaq üzvləri tərəfindən müharibə gedən ölkələrdə ekosistem və biomüxtəlifliyə dəymiş ziyan hesablanmalı, ətraf mühitdə emissiyanın artımı dəqiqləşdirilməli, meşə və yaşıllıqların azalması müəyyənləşdirilməli və hər biri üçün ziyan verən tərəfə cərimələr tətbiq edilməlidir. Bu eyni zamanda planetimizin qorunmasına xidmət edəcəkdir.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi Aysel Qəribli, ADPU-nun prorektoru, professor Mahirə Hüseynova, Kimya və biologiya fakültəsinin dekanı, dosent Reyhan Ağayeva, “Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin idarə heyətinin sədr müavini Natiq Allahverdiyev, "Dendrologiya Bağı" Publik Hüquqi Şəxsin idarə heyətinin sədr müavini, dosent Samirə Bağırova, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, BDU-nun Biologiya fakültəsinin dekanı professor Afət Məmmədova, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, Çelyabinsk Dövlət Universitetinin Geoekologiya və ətraf mühitin idarə edilməsi kafedrasının müdiri, dosent Dmitriy Dvinin çıxış edərək Forumun işinə uğurlar arzulayıblar.

"Dendrologiya Bağı" Publik Hüquqi Şəxsin idarə heyətinin sədr müavini, dosent Samirə Bağırova çıxışı zamanı ölkəmizin yaşıl gündəminin zəngin olduğu 2024-cü ildə, “Yaşıl dünya naminə həmrəylik” ilində bu formun keçirilməsinin olduqca vacib və əhəmiyyətli olduğunu vurğulayıb.

O qeyd edib ki, yaşadığımız dövrdə dünya, beynəlxalq birlik qlobal iqlim dəyişikliyinin fəsadları ilə ciddi şəkildə mübarizə aparır: “Ölkəmiz qlobal emissiyalarda payının cəmi 0,15% olmasına baxmayaraq, iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərdə aktiv iştirak edir, üzərinə götürdüyü öhdəliklərə uyğun nəhəng yaşıl layihələr həyata keçirir.

Azərbaycanın gələcək iqtisadi inkişafı ekoloji təmiz texnologiyalar, təmiz enerji mənbələri, tullantıların təkrar emalı və çirkləndirilmiş ərazilərin reabilitasiyası üzrə tədbirlərin görülməsi ilə sıx bağlıdır.

Gələn ay ölkəmizdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflərinin Konfransı COP29 keçiriləcək. Bu nüfuzlu toplantının Azərbaycanda keçirilməsi ölkəmizin karbon emissiyasının azadlılması, ətraf mühtin mühafizəsi, biomüxtəliflliyin qorunması istiqamətində gördüyü işlərə verilən qiymətdir.

Azərbaycan COP29-un keçirilməsi bizə həvalə edilməmişdən əvvəl də ekoloji problemlərlə ciddi məşğul olur və iqlim dəyişikliyinin mənfi fəsadlarını azaltmağa çalışır. Abşeronun neftlə çirklənmiş ərazilərinin təmizlənməsi, geniş miqyasda yaşıllıq zolaqlarının salınması, bərpa olunan enerji növlərini yaradılması istiqamətində nəhəng layihələr həyata keçirilib”.

Samirə Bağırova  “Dendrologiya bağı” publik hüquqi şəxsin ərazisində gedən abadlıq, quruculuq, bərpa işləri dövründə bioloji müxtəlifliyin qorunması istiqamətində görülən işlərdən də danışıb. Bağ ərazisində bitki növlərinin, yaşıllıq sahələrinin genişləndirdirilməsi, zənginləşdirilməsi, nadir və nəsli kəsilməkdə olan bitki növlərinin mühafizəsinin təşkilinin həyata keçirildiyini vurğulayıb.

O, qeyd edib ki, Dendrologiya bağı geniş əhali kütlələri, o cümlədən məktəblilər arasında ekoloji şüurun gücləndirilməsi, ekoloji maarifləndirmə yönündə bir sıra layihələr həyata keçirməkdə davam edir.

“Yaşıl Dünya Naminə Həmrəylik İli”nə həsr olunmuş “Bioloji müxtəlifliyin mühafizəsi: Botanika, Ekologiya və Yaşıl Şəhərlər” adlı forum 12 istiqamət üzrə 3 paneldə plenar iclaslarla davam edib. Məruzələr ətrafında geniş müzakirələr aparılıb.

Şərhini yaz