Naxçıvan Muxtar Respublikasında iqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri ilə bağlı konfrans keçirilib
Naxçıvan Muxtar Respublikasında “İqlim dəyişikliyinin kənd təsərrüfatının inkişafına təsiri” mövzusunda konfrans keçirilib.
Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən konfransın iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, önünə güllər düzüblər.
Konfransda əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan MR-da Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli aktual mövzuya həsr olunmuş konfransın işinə uğurlar arzulayıb və konfransın iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin gücləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.
Naxçıvan MR Kənd Təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini icra edən Xəyalə Dadaşova bildirib ki, məqsəd COP29-dan sonra iqlim dəyişikliyi ilə mübarizədə görüləcək tədbirlərin birgə müzakirəsini aparmaqdır.
Konfransda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi rəhbərinin müavini Bariz Mehdiyev, Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Bitkiçilik Departamentinin müdiri İhsan Emiralioğlu və Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərovanın çıxışları dinlənilib.
Çıxışlarda Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və COP29-un bu il ölkəmizdə keçirilməsi təcrübə mübadiləsi aparmaqla gələcək təşəbbüslərə, dayanıqlı inkişaf sahəsində əməkdaşlıq səylərinin gücləndirilməsi və tərəfdaş münasibətlərin yaranmasına mühüm töhfə kimi dəyərləndirilib.
Konfransda Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova da iştirak edib.
S.Bağırova bildirib ki, kənd təsərrüfatı qlobal iqlim dəyişikliyinin təsirlərinə ən həssas sahələrdən biridir. Onun sözlərinə görə, iqlim dəyişikliyi məhsul istehsalı, torpaq məhsuldarlığı, su təchizatı və kənd təsərrüfatı ekosistemləri üzərində böyük təsirlərə malikdir. Buna görə də, kənd təsərrüfatının iqlim dəyişikliyinə qarşı dayanıqlılığını artırmaq üçün bir sıra tədbirlər və strategiyalar tətbiq olunmalıdır.
Konfrans “Dayanıqlı kənd təsərrüfatı, qida və su təminatında iqlimin rolu” və “Elmi yanaşmalar və kadr potensialının artırılması” mövzularında panel müzakirələrlə öz işini davam etdirib.