"Dendrologiya Bağı" PHŞ-nin "Dendroxronologiya" laboratoriyasının əməkdaşları tərəfindən Böyük Qafqazın cənub yamaclarında dendroxronoloji tədqiqatlar aparılmışdır
Bakı Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində "Dendrologiya Bağı" publik hüquqi şəxsin "Dendroxronologiya" laboratoriyasının əməkdaşları tərəfindən Böyük Qafqazın cənub yamaclarından ( Faqus orientalis Lipsky., Quercus iberica Steven. və Carpinus betulus L.), Şahdağ Milli parkından (Betula pendula Roth., Faqus orientalis Lipsky.) ,Hirkan Milli parkından (Quercus castanefolia C.A.Mey.)və bağın ərazisindən (Pinus eldarica Medw.,Cupressus sempervirens Mill.) götürülmüş nümunələrin dendroxronoloji təhlili aparılmışdır.
Dendroxronoloji təhlilin aparılmasında əsas məqsəd ağac gövdəsinin xarici mühitlə əlaqələrini, oduncağın illər üzrə dəyişkənliyini, ekoloji amillərdən asılı olaraq baş vermiş hadisələrin onlara təsirini və yaşının elmi əsaslarla öyrənilməsidir. Bu məqsədlə tədqiq olunan növlərin gövdələrindən nümunələr götürülərək (hər növdən 4-6 nümunə olmaqla) onların yaşı təyin edilir, bioloji inkişafa təsir edən amillərin illər üzrə mütləq və nisbi göstərici qrafikləri qurulur.
Bu da bitkinin illər üzrə ardıcıl inkişaf dinamikasını, davamlılıq meyarlarını təyin etməyə imkan verir. Tədqiqat zamanı “LİNTAB6” və “Resistograph” dendroxronoloji avadanlıqlarından və Suuntu burğusundan istifadə edilir. “LİNTAB6”nın tətbiqi ağacın illik halqalarının dəyişkənliyi haqqında məlumat əldə etməyə və dendroxronoloji analiz üçün istifadə etməyə imkan verir.
Dendroxronologiyada əməliyyatlar diaqnostik proses zamanı “Resistograph”la - diametri 1,5 millimetr və uzunluğu 50 santimetr olan nazik bir qazma iynəsi ilə aparılır.
https://youtu.be/DX3YzDmVOGE?si=4ZuWo41qiTEntQzy