Prezident İlham Əliyevin doğum günüdür

Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür.

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə, 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb.

1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilib. 1999-cu ildə YAP  sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.

İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib.

2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəlik qabiliyyəti, diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi nəticəsində ərazilərimizin işğaldan azad edilməsi ilə başa çatdı, ölkəmizin ərazi bütövlüyü təmin olundu.

2023-cü il sentyabrın 19-da Qarabağda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin atəş nöqtələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Düşmən ağ bayraq qaldıraraq təslim olub. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib.

Dövlət başçısı 2023-cü ilin oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına səfər edib, Əsgəran qalasında olub və orada Azərbaycan bayrağını qaldırıb.

2024-cü ilin fevralın 7-də müstəqillik dövründə ilk dəfə bütün ölkə ərazisində keçirilən prezident seçkilərində İlham Əliyev 92.12 faiz səslə yenidən Azərbaycan Respublikasının prezidenti seçilib.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” publik hüquqi şəxsin kollektivi cənab Prezidenti doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayır!

Şərhini yaz